Azərbaycanda 21 yaşlı ana və körpəsi öldü

Tovuz rayonunda doğuş zamanı ana və uşaq ölümü baş verib.

Bu barədə ANS PRESS-ə məlumat verən Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov bildirib ki, həyatını itirən gənc ana – 21 yaşlı Abbasova Lalə Əjdər qızı xəstəxanaya yanvarın 5-də huşsuz vəziyyətdə gətirilib. Baş həkimin sözlərinə görə, qadın dərhal qeysəriyyə əməliyyatı edilib.

“Təcili əməliyyat etdik, uşaq da ölü doğuldu. Xəstəxanaya daxil olanda huşsuz vəziyyətdə olduğundan, dərhal Bakıdan üç həkim qrupu çağırdıq. Amma 3 gün ərzində qadına bütün tibbi yardımlar göstərilsə də, həyatını qurtarmaq mümkün olmadı”, – deyə baş həkim Paşa Muradov bildirdi.

Paşa Muradov həmçinin qadının xəstəxanaya lazımi vaxtdan gec gətirildiyini də vurğuladı. Lalə Abbasovanın hamiləlik dövründə böyrəyi ilə bağlı təzyiq problemi olub və bu da onun beyninə təsir etdiyindən sağlamlığı üçün təhlükə yaranıb. Həkimlər qadının beyin ödəmindən dünyasını dəyişdiyini ehtimal edir.

Lalə Abbasova Tovuz rayonunun Qovlar kəndində yaşayıb. Bu, onun üçüncü hamiləliyi olub. Həyatını itirən gənc ananın iki azyaşlı uşağı qalıb.

Bu, yanvar ayında baş verən atrıq ikinci belə hadisədir. Daha bir ana və uşaq ölümü yanvarın 1-də saat 07:30-da paytaxtın Nərimanov rayon ərazisində fəaliyyət göstərən Bakı Sağlamlıq Mərkəzində baş vermişdi. 1984-cü il təvəllüdlü Günay Ağayevanın doğuş zamanı qəflətən səhhətinin pisləşməsi nəticəsində onun üzərində həyata keçirilmiş qeysəriyyə əməliyyatından sonra həyata keçirilən tibbi tədbirlərə baxmayaraq ana və uşaq ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi açılıb.

Ümumiyyətlə, son illər ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı artdığı kimi, ana və uşaq ölümlərinin sayı da artıb. Bəzən ölüm faktları ananın öz səhlənkarlığı, hamiləlik dövründə vaxtlı-vaxtında tibbi yoxlayışdan keçməməsi səbəbindən baş verirsə, bir çox hallarda bu kimi bədbəxt hadisələrə görə həkimlər günahlandırılır. Yaranmış vəziyyət isə bu sahəyə nəzarət edən mövcud dövlət qurumlarının hərəkətə keçməsini tələb edir. …read more

From:: ANS