Ruslar Fransadan çıxdı

NATO-nun təzyiqindən sonra Parisin vertolyot daşıyıcı “Mistral” gəmisinin Moskvaya çatdırması ilə bağlı müxtəlif fikirlər səslənir.

ANS PRESS-in məlumatına görə, Fransa mətbuatı yazır ki, ötən gün Fransanın inşa etdiyi “Mistral” gəmisində təlim keçən 400 rus matros başqa bir gəmi ilə qərbdəki limanı tərk edib. Ruslar Fransanın Sen-Nazer limanından “Smolny” gəmisi ilə ölkələrinə yola düşüblər.

Onlar bu ilin iyunundan digər “Mistral” tipli vertolyot daşıyıcı “Vladivostok” gəmisində təlim keçirdilər. Hər 2 gəmi 2011-ci ildə Rusiya ilə bağlanmış 1,2 milyard dollarlıq müqaviləyə əsasən, rus donanması üçün hazırlanıb. Sözügedən müqavilə ilə bağlı uzun müddətdir müzakirələr gedir. Rusiyanın Ukraynada törətdiklərinə görə NATO müttəfiqləri Parisə təzyiq göstərir və gəmiləri çatdırmamağı tələb edirlər.

Bundan əlavə, prezident Fransua Olland Ukraynada inkişaf olmadığını əsas gətirərək hər 2 gəminin çatdırılmasını “növbəti xəbərdarlığa” qədər təxirə salıb. Moskva isə ölkənin şərqində rusyönümlü separatçıları silahlandırmaqda ittiham olunur.

Fransanın müdafiə naziri Jan İv Le Drian bildirib ki, gəmilər ola bilsin, heç vaxt çatdırılmaya da bilər.

Rusiya isə xəbərdarlıq edib ki, Fransa sözünün üstündə durmasa, bunun nəticəsi pis ola bilər. Ötən ay müdafiə nazirinin müavini Yuro Borisov TASS xəbər agentliyinə bildirib ki, Fransa sonda müqavilənin şərtlərini pozsa, Rusiya məhkəməyə müraciət edib, cərimələr tətbiq edəcək.

Bir sözlə, Fransanın Rusiya ilə müqaviləni nə vaxtsa icra edib-etməyəcəyi yenə də sual altındadır.

Xatırladaq ki, “Mistral” gəmiləri Fransa hərbi-dəniz sənayesinin tacıdır. Fransa donanmasında bu gəmiləri “isveç cib bıçağı” da adlandırırlar. Bu gəmilər 12 hücum vertolyotu, 60 zirehli nəqliyyat vasitəsi və 12 tank daşımaq imkanına malikdir. Gəmiyə həmçinin 700 əsgər və bütöv hospital sığır. …read more

From:: ANS