Azərbaycanın itirdiyi atasının Əzizi (VİDEO)

Məlahətli səsi və barmaqlarının pianoya toxunuşunun yaratdığı möcüzələrlə dünyanı heyran qoyan istedadlı xanımı bir çoxları lap uşaqlığından tanıyır. Atasının caz dünyasında o uzunsaçlı şahzadə idi. Atasının əzizi olan Əzizənin bu gün 45 yaşı tamam olur. Azərbaycan cazının atasını, qızının doğum günündən ayıran son 3 gün – əməkdaşımızın gözü ilə!

Əzizə Mustafazadə. Bu xanım haqqında danışmaq caz-roku qavramaq, barokkonu dərk etmək qədər çətindir. Ən azı sadə Azərbaycan tamaşaçısı üçün. Bu gün başı ucuz şou-biznes qalmaqallarına qarışan, maralların, əjdahaların bircə xəbərini də itirməməyə çalışan tamaşaçı Əzizəni səhnəmizdə çoxdan itirib. Sonuncu dəfə Əzizə Mustafazadə Azərbaycanda 2008-ci ildə konsert verib. O illərdir ki, Almaniyada yaşayır və Azərbaycanı da dünyada təbliğ edir. Əslində bu, onun missiyasıdır. Vaqif Mustafazadə kimi nəhəng bir sənətkarın ailəsində doğulan bir qız əlbəttə ki, böyük səhnələri bölüşməli, dar çərçivələrə sığmamalıyıdı. Özü zamanında Mirşahinin “siz bu vətəni necə qoruyursuz” – sualına belə cavab vermişdi:

“Azərbaycanı sevirəm. Azərbaycanı. Və təbii ki, onu qoruyuram. Musiqimlə. Əgər biz sadəcə olaraq oturub Xəzər dənizindən ilham alacağıqsa, hardasa müəllimlik edəcəyiksə, onda bu nə olar? Biz ölkə üçün nə edə bilərik? Musiqini kənara çıxarmaq lazımdır, onu başqa ölkələrdə ifa etmək lazımdır ki, bizi tanısınlar. Bizi yalnız neftə görə yox, mədəniyyətmizə görə də tanımalıdırlar”.

Atasının ölümü ilə Əzizənin doğum gününü cəmi üç gün ayırır. Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-sı Gürcüstanda bir qostrol səfərində ürəktutumasından dünyasını dəyişəndən üç gün sonra Əzizənin 10 yaşı tamam olmuşdu. Bu gün o, 45 yaşını qeyd edir. Doğma Azərbaycandan uzaq, amma doğma anası – Elza xanımla birlikdə. Təbrik edirik Əzizə Mustafazadə – cazın azəri şahzadəsi.

…read more

From:: ANS