Zakir Həsənov polkovniki işdən çıxartdı

Müdafiə naziri Zakir Həsənov nazirliyin Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi polkovnik Ağalar Manafovu vəzifəsindən azad edib.

Müdafiə nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Nazirlik Manafovun Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyatının olmadığını bildirir.

“Bəzi kütləvi informasiya vasitələri “Gizli dinləmələrin qalmaqalı” sərlövhəli “sensasiya” yazıları yayıblar. Nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur. Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur”, – deyə Müdafiə Nazirliyi açıqlama yayıb.

Müdafiə Nazirliyinin binası

İyul ayında isə xəbər yayılmışdı ki, Müdafiə Nazirliyinin bir neçə əməkdaşı həbs edilib. Bildirilirdi ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs edib.

Müdafiə Nazirliyi isə hərbçilərin həbsinə belə münasibət bildirib: “Baş Hərbi İnspeksiyasının əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb. Toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib. Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılmış və hazırda istintaq aparılır.” …read more

From:: ANS