Cəbhə xəttinə yaxın yerləşən əkin sahələrində təhlükə

Tərtərin cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə yayılan siçanlar kənd təsərrüfatına ciddi ziyan vurub.

ANS PRESS-in məlumatına görə, gəmiricilər əsasən sahələrə işğal altındakı ərazilərdən keçir. Tərtərin erməni silahlı birləşmələri ilə üzbəüz yerləşən ərazilərində 1600 ha yaxın əkin sahəsi var. Yay mövsümündə işğal altındakı ərazilərdə mütəmadi törədilən yanğınlar gəmiricilərin ötən illərə nisbətən 2 dəfədən çox artmasına səbəb olub. Havaların quraqlıq keçməsi isə gəmiricilərin sürətlə inkişaf etməsinə münbit şərait yaradır. 2 ha sahədə payız səpini aparan Yuxarı Qaradağlı kəndinin sakini Arif Qasımov vaxtında təbir görülməzsə, məhsulun zay olacağı qənaətindədir.

Gəmiricilər əkin sahələrinə yayılıb

“Erməni ilə hardasa 300-400 metr məsafə var. Gəmiricilər o tərəfdən əkin sahələrinə gəlir. Quraqlıqla da bunu əlaqələndirirəm. Bir də vaxtlı- vaxtında ziyanvericilərlə mübarizə aparmırıq. Dərmanı verilmir. O da erməni tərəfdən boş sahələrdən axışıb keçir bəri” – deyə kənd sakini Arif Qasımov bildirib.

Çıxış yolunu təbii üsulla mübarizə aparmaqda görən kənd sakinləri, bunun üçün vaxtında sahələrin suvarılmasının lazım gəldiyini deyir. Hazırda kənddə bir neçə subartezian quyusunun işləməməsi, əhalinin suvarma suyuna olan təlabatında da problem yaradır.

Kənd sakinləri müxtəlif üsullarla gəmiricilərə qarşı mübarizə aparır

“Mübarizə aparmağa su lazımdı ki, bu ziyanvericiləri su ilə məhv edək. Su da yoxdu. Demək olar ki, artezianların hamısı işləmir. Alın təri ilə əmələ gətirdiyimiz məhsulu, bir gecənin içində siçan məhv edib”- deyə kənd sakini Alim Hüseynov bildirib.

Tərtər rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən xəbərə görə, təmas xəttinə yaxın yerləşən 1600 ha ərazidəki sahələrin gəmiricilərdən təmizlənməsi üçün ziyanvericilər əleyhinə 50 kq dərman pereparatı alınıb. Bu gündən etibarən hər hektara 75 qram dərman fermerlərə paylanacaq. Subartezian quyularının işləməməsinə gəlincə isə rayon subartezian quyularının istismarı idarəsindən bildiriblər ki, Tərtərin əsas su təminatını ödəyən Sərsəng su anbarı işğal altında olduğundan, suya olan təlabat əsasən subartezianlar vasitəsi ilə ödənilir. Bu da həmin quyuların normadan artıq işləməsinə və tez- tez sıradan çıxmasına səbəb olur. …read more

From:: ANS