Zakir Həsənov: Bu yaxınlarda düşmənə sübut edəcəyik ki… (FOTO, VİDEO)

“Cəbhədə keçirilən tədbirlər nəticəsində xeyli sayda düşmən məhv edilib, o, psixoloji cəhətdən sarsıdılıb. Əsgərlərimizin ruh yüksəkliyi düşmənləri qorxudur. Onlar vahimə içərisindədirlər”.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə keçirilən Dövlət Bayrağı Günü bayramında iştirak edib.

Müdafiə Nazirliyinin rəhbərliyi ilə cəbhə bölgəsində şəxsi heyətin xidməti döyüş fəaliyyətini, döyüş növbəsini yoxlayıb. “Bir daha əmin olduq ki, Azərbaycan əsgəri mərd şəkildə cəbhədə düşmənlə üz-üzə dayanaraq onu işğal olunmuş torpaqlarımızdan qovaraq ərazilərimizi azad etməyə tam hazırdır”.

Nazir buna nail olmaq üçün bütün imkanlar olduğunu deyib.

Düşmənlə üz-üzə səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüş

Onun sözlərinə görə, hər gün ordumuz müasir silahlar, toplar, zirehli texnikalarla silahlanır, yeni tikililər, o cümlədən sizin də xidmət etdiyiniz hərbi hissəniz əsgər və zabitlərin istifadəsinə verilir. Z.Həsənov deyib ki, bunlar hamısı bizə imkan verir ki, haqq sözümüzü, mövqeyimizi müdafiə edək və qısa bir müddətdə ermənilərə göstərək ki, Azərbaycan xalqı, ordusu onlardan qat-qat üstündür. “Biz bunu bu yaxınlarda düşmənə sübut edəcəyik. Qısa müddət ərzində həyata keçirilən əməliyyatlar göstərdi ki, işğalçını hansı aqibət gözləyir.

Biz hamımız bir yerdə o günü yaxınlaşdırmalıyıq ki, döyüş bayraqlarımızı Azərbaycanın işğal olunmuş torpaqlarında ucaldaq”.

Cəbhə xəttində qulluq edən hərbçilərimiz

O, deyib ki, hər bir Azərbaycan əsgəri nümunəvi nizam-intizama malik olmalı, xidməti fəaliyyətini, döyüş hazırlığını daim artırmalı, sərəncamındakı ən müasir silah-sursat, hərbi texnikanı bacarıqla istifadə etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır.

“Azərbaycan Silahlı Qüvvələrinin gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır. Bir daha sizi təbrik edir və uğurlar arzulayıram”.

…read more

From:: ANS