Prezidentin Gürcüstan səfərinin böyük önəmi (VİDEO)

Prezident İlham Əliyevin Gürcüstana etdiyi iki günlük səfər həm siyasi, həm də iqtisadi cəhətdən əhəmiyyətlidir.

ANS TV-nin məlumatına görə, prezident İlham Əliyevin Gürcüstana səfəri oradakı soydaşlarımızın problemilərinin həllinə kömək edəcək.

11 ildən sonra Gürcüstanda yaşayan azərbaycanlılarla görüşən dövlət başçısı onların qayğıları ilə maraqlanıb.

Heç bir məktəbi təmirsiz vəziyyətdə görmək istəmədiyini deyən İlham Əliyevin bununla baglı SOCAR-ın rəhbərliyinə lazımi göstərişlər də verib.

Prezident azərbaycanlı iş adamlarına həmvətənlərimizin işlə təmin olunmasında fəallıq göstərməyi tövsiyə edib:

“Yəni, əminəm ki, bundan sonra həm SOCAR, həm Azərbaycanın digər şirkətləri, özəl qurumların nümayəndələri Gürcüstana investisiya qoyacaqlar və burada yaşayan azərbaycanlılar, gürcülər üçün yeni imkanlar yaradacaqlar”.

Dövlət başçısının Gürcüstan səfəri soydaşlarımızın problemlərinin həlli ilə yanaşı, iqtisadi və siyasi baxımdan da əhəmiyyətli hesab olunur.

İlham Əliyevin qonşu ölkədə ən yüksək səviyyədə qarşılanması bu səfərə qarşı tərəfin verdiyi önəmi göstərir.

“Bu səfər regionda mövcud olan geosiyasi çağrışları özündə əks etdirir. Səfər zamanı İlham Əliyev həm yerli Azərbaycan icmasına, həm də Gürcüstan rəhbərliyinə və provaslav kilsəsinə bir sıra vacib ismarıclar verib. Fikirimcə, bu sahədə səfər həm vacib, həm də məsuldar oldu. Regionda vəziyyət dəyişib, o cümlədən enerji sahəsində. Hesab edirəm ki, bu səfər həm Azərbaycan, həm də Gürcüstan rəhbərliyi tərəfindən bölgədəki geosiyasi proseslərə siyasi cavabdır”, – deyə Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Mamuka Areşidze bildirib.

Politoloq Rasim Musabəyov isə hesab edir ki, bu səfər iki ölkə arasında münasibətləri daha da inkişaf etdirəcək.

Onun sözlərinə görə, dövlət başçısının Gürcüstan səfəri Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi üzrə işləri daha da sürətləndirəcək:

“Səfər bizim üçün çox vacib idi ki, mövcud layihələrimiz nə dərəcədə Gürcüstan tərəfindən heç bir maneə ilə qarşılanmayacaq. Eyni zamanda da Gürcüstanın geosiyasi seçimi ilə bağlı, yəni qərbyönümlü siyasətinin davamı olacaq, məhz bu kimi məsələlərə aydınlıq gətirilməsi bizim üçün çox vacib idi”.

Prezident İlham Əliyevin Gürcüstandakı görüşlərin nəticəsi olaraq təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzalanıb.

…read more

From:: ANS