Mərkəzi Bank pulun yarıdan çoxunu itirdi – RƏSMİ

2015-ci ilin oktyabrında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları sentyabrla müqayisədə 180 milyon dollar (2,57 faiz) – 6 834,6 milyon dollaradək azalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə AMB-nin statistik məlumatında deyilir. 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 6 923,7 milyon dollar (50,3 faiz) azalıb.

Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.

Manatın devalvasiyasından sonra Mərkəzi Bankın ehtiyat valyutası azalmağa başladı. Bununla bağlı ölkənin baş bankiri Elman Rüstəmov da dəfələrlə açıqlama verib. Ötən ay E.Rüstəmov bildirib ki, 2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 15 mlrd. dollar olub.

Baş Bankirin sözlərinə görə, bu ehtiyatlar daxili bazardan alınıb: “Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir”.

Elman Rüstəmov – Mərkəzi Bankın sədri

Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 mlrd. dollar olduğunu deyən E.Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.

Elman Rüstəmov onu da bildirib ki, Azərbaycanda çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır:

“Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, Mərkəzi Bankın gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”. …read more

From:: ANS