Nazirliyin daxilində dəyişiklik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 19 əməkdaşı yaş həddinə görə işdən azad olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevin ANS PRESS-ə verdiyi məlumata görə, həmin şəxslərin yaşları 65 olduqlarına görə işdən azad ediliblər.

“Nazirlik əmək qanunvericiliyinin tələblərinə həmişə ciddi formada əməl edir. Bildiyiniz kimi, əmək məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu yaşa çatan işçinin həmin müəssisədə çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər. Lakin bu, müəyyən hallar istisna olmaqla, 5 ildən çox davam edə bilməz”, – deyə qurum rəsmisi bildirdi.

Elman Babayev onu da əlavə etdi ki, artıq çıxarılan şəxslərin yeni nümayəndələr də təyin olunub.

Elman Babayev – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Prezident İlham Əliyev 09.06.2011-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyənləşib.

Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin isə çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

…read more

From:: ANS