Putin yenə də dünyanın ən güclüsü oldu

Amerikada nəşr olunan “Forbes” dərgisi növbəti dəfə Rusiya Federasiyasının prezidenti Vladimir Putini dünyanın ən nüfuzlu insanı seçdi. ANS PRESS-in məlumatına görə, dərgi bu qərarını, Putinin dünyada istədiyini edə bilən və heç kimə hesabat vermək məcburiyyəti olmayan nadir insanlardan olduğunu sübuta yetirməyə davam etməsi ilə əsaslandırıb.

Ölkəsindəki iqtisadi böhranın Putinə heç bir şəkildə təsir etmədiyini bildirən dərgi Rusiya prezidentinə xalq dəstəyinin iyun ayında 89 %-ə çatdığını qeyd edib.

Siyahının ilk triosu

“Oktyabrda da Putin Suriyadakı İŞİD mövqelərini bombardıman edərək və Suriya prezidenti Bəşər Əsədlə görüşərək ABŞ və NATO-nun zəif görünməsinə səbəb oldu və Rusiyanın ölkə xaricindəki nüfuzunu yenidən gücləndirdi.” – deyə dərgidə bildirilir.

75 nəfərlik dünyanın ən nüfuzlu insanları siyahısının 2-ci pilləsində Almaniyanın kansleri Anqela Merkel, 3-cü pilləsində isə ABŞ prezidenti Barak Obama var.

Siyahıda müvafiq olaraq 4-cü yerdə Roma papası Fransisk, 5-ci yerdə Çinin prezidenti Si Szinpin, 6-cı yerdə “Microsoft”un təsisçisi Bill Qeyts, 14-cü yerdə Səudiyyə Ərəbistanının kralı Salaman bin Abduləziz bin Səud, 18-ci sırada İranın ali dini lideri Əli Xamneyi, 19-cu sırada “Facebook”un təsisçisi Mark Zukerberq, 46-cı sırada Şimali Koreyanın prezidenti Kim Çen ın, 49-cu sırada isə Misirin prezidenti Abdulfəttah əs-Sisi qərarlaşıb.

Bundan əvvəlki illərdə Vladimir Putin 2 dəfə “Forbes” dərgisində dünyanın ən nüfuzlu insanları siyahısına liderlik edib. …read more

From:: ANS