Təhsil Nazirliyi yeni pilot layihə həyata keçirir (VİDEO)

Məktəblərdə valideyn komitələri ləğv edilir, əvəzində “məktəb icması” adlandırılan yeni qurumlar yaradılır.

Bir çox məktəbdə valideyn komitələri adlı qurumlar fəaliyyət göstərir ki, bu komitələrin də böyük əksəriyyətinin fəaliyyəti xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir.

O komitələr ki, orda bir çox hallarda dərs və tədrislə bağlı problemlərdən daha çox, müəllim günü, şənlik və qonaqlıq kimi tədbirlərin təşkili məsələləri müzakirə olunur.

Təhsil üzrə mütəxəssis Şahlar Əsgərov deyir ki, xarici ölkələrdə valideyn komitələri və buna bənzər qurumlar əsasən şagirdlər üçün öyrədici və inkişaf etdirici tədbirlər həyata keçirirlər. Xüsusən də sağlamlıq imkanı məhdud olan şagirdlərin dərsə, adaptasiyası üçün xidmətlər göstərirlər. Ancaq bizdə bu xidmət yalnız şənlik və qonaqlıq keçirməklə, daha dəqiq desək, pul yığmaqla məhdudlaşır:

“Bir halda ki, valideyn komitəsi fəaliyyətə uyğun iş görmürsə, onu ya dəyişdirmək, ya da başqa bir formaya salınması məqsədə uyğundur. Hər bir yenilik şagirdlərin məktəblərdə yüksək təhsil almasına xidmət etməlidir. Burada başqa bir məqsəd güdülməməlidir”.

Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqubova deyir ki, valideyn komitələrilə bağlı problem və şikayətləri birdəfəlik aradan qaldırmaq üçün nazirlik yeni pilot layihə həyata keçirir. Bununla bağlı artıq 53 orta məktəbdə valideyn komitələri ləğv edilib. Əvəzinə “məktəb icması” adlandırlan yeni qurum formalaşdırılıb. Bu qurumun əsas fəaliyyəti şagirdlər üçün yaradıcı tədbirlərin təşkilindən ibarətdir.

Ümid edək ki, görülən bu tədbirlər təhsilin keyfiyyətinin artırılmasına öz töhfəsini verəcək.

…read more

From:: ANS