Xaçmazda 3 balıqçı itkin düşüb (FOTO)

Xəzər dənizinin Xaçmazın Niyazabad kəndi istiqamətində 3 balıqçı itkin düşüb.

ANS PRESS-in əldə etdiyi məlumata görə, balıqçılar bu gün səhər balıq tutmaq istəyi ilə dənizə yollanıblar. Qəfil əsən küləkdən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. İtkin düşənlərin hər 3-ü Xaçmaz rayon sakinidir. Balıqçılardan biri Xaçmazın Uzunoba kənd sakini İlqar Daşdəmirov, digər ikisi- Laçın Laçınov və Həmzəbəy Nurəddinov isə rayonun Tikanoba kənd sakinləridir.

İlqar Daşdəmirovun qardaşı Bəhruz Daşdəmirov ANS PRESS-ə bildirib ki, qardaşı tez-tez balıq tutmağa gedirmiş. Həmin gün də səhər hava sakit olduğundan o, yoldaşları ilə balıq tutmağa gedib. Hər 3 balıqçının dənizdə batdıqları ehtimal olunur. Hadisə ilə bağlı FHN-nin Xaçmazdakı regional mərkəzi məlumatlandırılıb. Balıqçıların axtarışına başlanıb. Xatırladaq ki, bir neçə ay əvvəl Xəzər dənizinin Şabran rayonunun Güləmli kəndi istiqamətində kənd sakini Şakir Soltanov balıq tutarkən suda boğulmuşdu. Xaçmaz rayonunun Niyazabad kəndində isə iki bacı- Gülxanım və Naibə Rəhimxanovalar dənizdə boğulmuşdular. Rəhimxanova bacılarının ölümü ilə bölgədə, dənizdə bataraq ölənlərin sayı 4-ə çatıb.

…read more

From:: ANS