Bakı aeroportunda əl baqajından 20 kq kürü çıxdı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Gömrük Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Mahmudzadə Hüseyn Nazim oğlu gömrük nəzarətindən yaşıl kanalla keçərkən qanunvericiliyə uyğun olaraq onun əl baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib.

Baxış zamanı gömrükçülər monitorda çoxlu sayda müxtəlif formalı qablarda qablaşdırılan kürüyə oxşar maddə müşahidə edib. Bundan sonra həmin çantada yoxlama aparılıb və oradan gömrük nəzarətinə təqdim olunmayan 40 ədəd müxtəlif ölçülü qablarda qablaşdırılan qara və qırmızı rəngli balıq kürüsü aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə, aşkar edilən qaçaqmalçılıq predmeti kustar üsulla hazırlanan, 19 kiloqram 210 qramı qara, 0.995 kiloqramı isə qırmızı rəngli olmaqla, ümumi xalis çəkisi 20 kiloqram 205 qram olan “nərə” cinsli balıq kürüsüdür.

Sankt Peterburq-Bakı aviareysi ilə gələn sərnişindəndən isə psixotrop maddə tapılıb.

Belə ki, Azərbaycan Respublikası vətəndaşı Ağami Seyid-Hüseyn Mirmehti oğlu gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb. Müvafiq qanunvericiliyə uyğun şəkildə üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanı-düz bağırsağından 3 ədəd bükümdə 71,604 qram ağ rəngli, kristal şəklində narkotik vasitə – metadon aşkar olunub.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır. …read more

From:: ANS