Suriya ilə bağlı danışıqlar davam edir (VİDEO)

Suriya münaqişəsində iştirak edən bütün tərəfləri dəstəkləyən xarici dövlətlərin Vyanada görüşü keçirilib. Görüşün əsas məqsədi də üsyançıları dəstəkləyən ABŞ və müttəfiqləri ilə Suriya hökuməti, Rusiya və İran arasında yaxınlığa nail olmaqdır. Bəşər Əsədi dəstəkləyən İran ilk dəfədir ki, bu danışıqlara qoşulub.

ANS TV-nin məlumatına görə, Avstriyanın paytaxtı Vyanada Suriya danışıqlarının ikinci günü başlayıb. 20-ə yaxın ölkənin diplomatları “İŞİD”ə qarşı mübarizə yollarını müzakirə edirlər.

Fransanın xarici işlər naziri Loran Fabiusun sözlərinə görə, əvvəlcə “İŞİD” və “Əl-Nüsrə Cəbhəsi” terrorçularına qarşı mübarizə daha səmərəli aparılmalıdır: “Bundan sonra siyasi keçid prosesi təşkil edilməlidir. Aydın məsələdir ki, Suriyadakı dramın böyük bir hissəsinə görə məsuliyyət daşıyan cənab Bəşər Əsəd Suriyanın gələcəyinin bir parçası kimi qəbul edilə bilməz. Bu siyasi keçid çərçivəsində o, mühakimə edilməyəcək, Suriya xalqı isə müdafiə edilməlidir”.

Müzakirə ediləcək məsələlər sırasına barel bombalarının qadağan edilməsi və işğal altında olan Suriya şəhərlərinə humanitar yardıma icazə verilməsi də daxildir.

Bu dəfə İran və İraqın da iştirakı ilə keçirilən danışıqlarda həm Suriya hökumətini, həm də Qərbin dəstəklədiyi üsyançı qüvvələri razı sala biləcək plan üzərində iş gedir. Həmin planın qəbul ediləcəyi təqdirdə, Suriyada atəşkəs və uzun sürən siyasi keçid prosesinə başlamağa razılıq əldə oluna bilər.

ABŞ, Türkiyə, Səudiyə Ərəbstanı və digər körfəz ölkələri Suriya prezidenti Bəşər Əsədin ölkənin gələcəyində yeri olmadığını bildirsə də, Rusiya və İran rəsmiləri, kimin hakimiyyətdə qalıb, kimin getməli olduğuna Suriya xalqının seçməli olduğunu vurğulayır.

Bu arada BMT baş katibi Pan Gi Mun rəqib tərəfləri biri-birinə güzəştə getməyə çağırıb. O, diplomatları “qlobal liderlik” naminə milli maraqları bir anlıq unutmağa səsləyib:

“Onlar milli maraqlardan çıxış etməyə son qoymayınca, Suriya xalqı əziyyət çəkəcək, bütün dünya əziyyət çəkəcək. Mən həmişə deyirəm ki, bu münaqişəni hərbi yollar həll etmək mümkün deyil”.

…read more

From:: ANS