Türkiyəni xilas edən oğlan

Qazaxıstanın “Kayrat” klubunun ehtiyat oyunçu İslambəy Kuat son üç ayda ölkəsinin ən sürətli inkişaf edən oyunçusu sayılır.

ANS PRESS-in məlumatına görə, oktyabrın 14-ü isə bu yarımmüdafiəçi ulduza çevrilib.

İslambəy təkcə Qazaxıstan futbolunun deyil, həm də Türkiyə futbolu üçün ulduzdur. 22 yaşlı oyunçunun Latviya ilə oyunda qolu Avropa çempionatının seçmə mərhələsində qazaxlara yeganə qələbəni qazandırıb. Bu qələbə sayəsində Türkiyə millisi isə qrupu III pillədə bitirən komandalardan ən yaxşısı kimi Avropa çempionatına birbaşa vəsiqə qazanıb. Dünən Kuat UEFA-nın saytına danışıb.

İslambəy Kuat

İslambəy Türkiyədə çox populyar insana çevrildiyi haqda danışıb: “Mənə hər gün Türkiyədən azarkeşlər zəng edirdilər. Bilmirəm, onlar hardan mənim nömrəmi öyrənmişdilər. Məni İstanbula dəvət etdilər, şəhəri göstərmək və məni razı salmaq istəyirdilər. Çempionatda sıx qrafik olduğundan bundan imtina etdim. Onlar sevməyi və pərəstiş etməyi bacaran xalqdır. Futbol onların ehtirasıdır. Onlar mənə elə təşəkkür edirdilər ki, elə bil ki, mən təkcə Latviyanı məğlub etmişəm. Ümumiyyətlə, biz meydana Türkiyəyə kömək məqsədilə çıxmamışdıq. Sadəcə qrupda V yeri tutmaq istəyirdik. Ancaq gizlətmirəm ki, Fransada türklərə azarkeşlik edəcəyəm. Onlar mənə çox istiqanlı yanaşırlar. Mənə hələ ki Türkiyədən təklif gəlməyib. “Kayrat”da hələ çox çalışmağım lazımdır”.

Türk azərkeşlər Kuatı təbrik edir

Türkiyə yığmasının azarkeşləri Kuatın şərəfinə İstanbulda və ya Ankarada küçələrdən birinə onun adının verilməsini təklif ediblər. Bəziləri isə sosial şəbəkələrdə öz uşaqlarına Qazaxıstan futbolçusunun adını qoymağa hazır olduqlarını bildiriblər. Ümumiyyətlə, “Kuat” sözünün mənasının türkcə “qüvvət” demək olduğunu da bildirək.

Mərkəz yarımmüdafiəçisi olan İslambəy Kuat avrokuboklarda “Kayrat”la “Srvena Zvezda” və “Bordo”ya, Qazaxıstan millisi ilə Latviya ilə bərabər Hollandiyaya da qol vurub. …read more

From:: ANS