Müdafiə Sənayesi Nazirliyi açıqlama verdi

MDB (Müstəqil Dövlətlər Birliyi) dövlətlərinin kosmik fəaliyyət sahəsində əməkdaşlıqla bağlı 6-cı toplantısında Azərbaycanı Müdafiə Sənayesi Nazirliyinin rəsmi şəxsləri təmsil edib.

Bunu nazirliyin mətbuat katibi Şəfəq Kərimova ANS PRESS-ə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, oktyabrın 21-dən 24-dək keçirilən toplantıda Müdafiə Sənayesi Nazirliyinin Elm, İnnovasiya və İnformasiya Şöbəsinin müdiri Rafiq Hüseynov və Nazirliyin Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini Tofiq Süleymanov olub.

Şəfəq Kərimova yığıncaqlarda bir neçə məsələnin müzakirə edildiyini bildirib və qeyd edib ki, Azərbaycan toplantı iştirakçıları ilə 3 məsələdə razılığa gəlib. Həmin məsələlər aşağıdakılardır:

1. Kosmosdan sülh məqsədi ilə istifadə;
2. Kosmos zibillərinin təmzilənməsində birgə əməkdaşlıq;
3. Kosmosdan alınan informasiyaların təhlili və araşdırılması üçün birgə kadrların hazırlanmasında əməkdaşlıq.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Şəfəq Kərimova müzakirə edilən digər məsələlərdə Azərbaycan təmsilçilərinin müşahidəçi qismində iştirak etdiyini bildirib.

MDB təmsilçiləri protokol imzalayarkən

Bu toplantıda bir sıra məsələlər müzakirə edilib: fövqəladə halların dövlətlərarası kosmik monitorinqi sisteminin yaradılması, kosmik sahədə çoxşaxəli əməkdaşlıq haqqında razılığın əldə edilməsi, “Birləşmiş kosmik araşdırmalar institutu” adlı beynəlxalq elmi-araşdırma təşkilatının yaradılması və s.

Yığıncağın yekunu olaraq “Birləşmiş kosmik araşdırmalar institutu”nun yaradılması haqqında protokol da imzalanıb. Protokolda kosmosun birgə araşdırılması, fövqəladə halların kosmik monitorinqi, kənd təsərrüfatı əhəmiyyətli torpaqlara peyk vasitəsilə nəzarət məsələləri də yer alıb.

Eyni zamanda, MDB dövlətləri keçmiş SSRİ Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanan QLONASS (Qlobal Naviqasiya Peyk Sistemi) naviqasiya sisteminə qoşulmaq haqqında da razılıq əldə ediblər. …read more

From:: ANS