Bayraq Meydanının keçmiş rəisi həbsdə qaldı

“Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı Səbail Rayon Məhkəməsinə verilən vəsatət təmin edilməyib”.

Bunu ANS PRESS-ə açıqlamasında R.Məmmədovun vəkili Akif Əlizadə deyib. Onun sözlərinə görə, keçən həftə sabiq rəisin ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət edilib. Lakin məhkəmənin dünən keçirilən iclası vəsatəti təmin etməyib və R.Məmmədov həbsdə qalıb.

Vəkil həmçinin keçmiş rəis barəsində seçilmiş həbs qətiimkan tədbirinə sentyabr ayında məhkəmə qərarı ilə daha 2 ay əlavə edildiyini bildirib.

Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov bu ilin may ayında həbs edilib.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Həbs ediləndən bir neçə gün qabaq isə Rəşad Rəfael oğlu Məmmədov dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Rəşad Məmmədov bu vəzifəyə 2011-ci ilin aprel ayında təyin edilmişdi. …read more

From:: ANS