Səssiz gələn “qatil” can aldı (VİDEO)

Bakının Binəqədi rayonunda iki nəfər dəm qazından boğularaq dünyasını dəyişib.

ANS TV-nin məlumatına görə, dünyasını dəyişənlər rayon ərazisində yaşayan İmaməddin Gözəlov və Samir Hüseynovdur.

Havalar soyuyandan artıq bu üçüncü hadisədir ki baş verir. Elə ki, qış fəsli gəldi dəm qazının qurbanlarının da sayı artır. Səssiz gələn qatil kimini yataq otağında, kimini də vanna otağında yaxalıyır.

Havalar soyuyandan dəm qazı zəhərlənməsi ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə edilən müraciətlərin də sayı artıb. Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirdi ki, həftə ərzində ən azı beş nəfər xəstəxanaya müraciət edir. Zəhərlənənlərin demək olar ki, hamısı hamam şəraitində baş verib və orta yaşlı insanlar olub.

Baş toksikoloq onu da bildirdi ki, zəhərlənmə zamanı ilkin tibbi yardım edilməli və dərhal insan xəstəxanaya çatdırılmalıdır. Xəstəyə ilkin yardım edilməzsə, o zaman dünyasını dəyişə bilər.

Fövqəladə Hallar Nazirliyi də dəm qazı təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirlikdən bildirdilər ki, dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır.

Odur ki, vətəndaşların mənzildə istifadə etdiyi qaz cihazları dövlət standartları və təhlükəsizlik tələblərinə cavab verməli, mütləq uyğunluq sertifikatı olmalıdır. Qaz cihazından istifadə edilən qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq saxlanılmalıdır. Bu tədbirlər görülməsə o zaman xoşagəlməz hadisələrin də baş verməsi qaçılmazdır.

…read more

From:: ANS