Hər yaşın sevdiyi şair (VİDEO)

“Bir səhər yuxudan durub özünü uşaq görəsən. Görəsən, hamı evdədi, ölənləri sağ görəsən”. Bu misralar bir çoxlarına tanışdı. Bu gün şair Ramiz Rövşənin doğum günüdür! O, 1946-ci ildə Bakının Əmircan kəndində dünyaya göz açıb.

Onu adətən pessimist şair adlandırırlar. Deyirlər ki, əksər şeirlərindəki ovqat dünyada müvəqqəti olduğunu addımbaşı insanın yadına salır. Məsələn, “Çıx qapıya, ölüm küsüb getməsin”. Və yaxud, gənclərlə görüşə gələn şair onlara belə bir şeir oxuyur. “Düşmən nədir, dost evini dost yıxar”. Belə fikirlər Ramiz Rövşən şeirində çoxdur. Amma maraqlıdır ki, elə Ramiz Rövşən sevərlər də. Çünki, şair həqiqəti deyir. Hərdən sətiraltı, hərdən büsbütün çılpaq. Həqiqət isə nə qədər acı olsa da, yüz yalandan şirindir.

Ramiz Rövşən uşaqlığımızın şairidir, Ramiz Rövşən gəncliyimizin şairidir, Ramiz Rövşən hər yaşımızın şairidir. Mən bu şairi çox sevirəm vallah. Bəlkə ona görə ki, mənimlə eyni gündə dünyaya gəlib. Mənimlə eyni bürcdəndir. Oxatandır. Ola bilər xarakter oxşarlığı var. Amma mən Ramiz Rövşəni şeirlərinə görə sevirəm. Onun şeiri mənim atamın məzar daşıdır. Müqəddəsdir. Yeri, yeri qara paltarlı qadın, kiri, kiri, qara paltarlı qadın, bu qəbir də hər qəbirdən biridir, başdaşını bəsdir basdın bağrına, bütün mənə ağlayanlar kiridi, sən də kiri, qəbrim damır, ağlama. Sağ ol şair. Sağlığında belə rəhmət qazandığın üçün.

…read more

From:: ANS