Məktəbdə direktor müavini işləmək istəyirsiz?

Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub.

ANS PRESS-in Nazirliyin illik hesabatına istinadən verdiyi məlumata görə, təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub.

Artıq ümumi təhsil müəssisələrini əhatə edən ikinci müvafiq təlimə start verilib. Belə ki, ümumi təhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqə davam etməkdədir.

“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.
İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb.
Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib.

Cari ildə kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub. …read more

From:: ANS