Ermənilərin Türkiyə qorxusu

“Türkiyə 2015-ci ildə “erməni soyqırımı”nın 100 illiyinə görə baş verəcək dalğanın zəiflədilməsi üçün Qarabağ cəbhəsində eskalasiya yaradacaq.”

ANS PRESS-in məlumatına görə, bu iddia ilə “Erməni soyqırımı” institut-muzeyinin direktoru Ayk Demoyan çıxış edib. O, qorxu içində deyib ki, Türkiyə parlamentində kürd deputatlar tərəfindən təqdim edilmiş qondarma soyqırıma aid olan sənəd layihəsi hansısa ssenarinin bir hissəsidir. İstənilən parlament təşəbbüsü siyasətdir. İndi bunu demək çətindir ki, bu, Türkiyənin daxili siyasətinə, yoxsa xarici siyasətinə hesablanıb.

O, erməni soydaşını, Türkiyə baş nazirinin müşaviri Etyen Maxçupyanı satqın adlandırıb: “Bəli, Maxçupyanın təyinatı təsadüfi olmayan işdir. Əgər Maxçupyan başqa cür, yəni Türkiyənin maraqlarına uyğun danışmasaydı təəccüblənərdim. O, məhz Türkiyənin maraqlarına xidmət etmək üçün təyin edilib, satqınçılıqla məşğuldur. Amma mən düşünmürəm ki, onun təyinatı Türkiyə tərəfindən dahi şahmat gedişi idi, çünki kim təyin olunursa olunsun – erməni, türk və ya kürd – Türkiyənin maraqlarını qorumalıdır.”

A.Demoyan sərsəmləyərək belə fikir də irəli sürüb ki, guya sərhədlərin eskalasiyası məsələsində Türkiyə öz rolunu oynayır və bu eskalasiya gələn ildə davam edə bilər: “İlk növbədə, türklər soyqırımla bağlı gələn il gözlənilən dalğanı yatızdırmağa çalışacaqlar. Mən bunu deyirəm ona görə yox ki, erməniləri qorxuduram, ona görə deyirəm ki, məsuliyyətli orqanlar bunun mahiyyətini dərk etsinlər. Buna qarşı təşəbbüslər göstərmək lazımdır. Türklər qondarma soyqırımın yüzilliyi ilə əlaqədar artan dalğanın gücünü zəiflətmək üçün Qarabağ cəbhəsində çox ciddi çaxnaşma yaratmağa çalışacaqlar.”

Təbii ki, ermənilər belə ağlagəlməz fikirlər səsləndirməklə, qabaqdangəlmişlik edirlər. Aydındır ki, bu, qorxunun yaratdığı təlaşın nəticəsidir. Necə deyərlər, qorxu cana kafirdir.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin baş naziri Əhməd Davutoğlunun müşaviri Etyen Maxçupyan “erməni soyqırımı”nın 100 illiyini nəzərdə tutaraq deyib: “Türkiyə erməni tərəfini təmin edəcək hər hansı hərəkət, təşəbbüs göstərməyəcək. Erməni tərəfinin məsələyə yanaşmasına görə, soyqırım və sərhədlərin açılması məsələsində Türkiyə tərəfindən hər hansı güzəştlər qeyri-mümkündür.” …read more

From:: ANS