Bakıda məhəllədə danışıb-gülmək qadağası qoyuldu, qan töküldü

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Qədirov Samir Adil oğlunun məhkəmə prosesi keçirilir.

Prosesə hakim Zeynal Ağayev sədrlik edir.

İstintaq yolu ilə müəyyən edilib ki, Samir Qədirov 2014-cü il, iyul ayının 9-da Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 6-cı dalan, 11 saylı evin qarşısında ucadan danışmaqla səs saldığına görə qonşusu Ceyhun Əhmədovla mübahisə edib.

Mübahisə zamanı Ceyhun Əhmədovun onu əli ilə vurmasından hiddətlənən Samir Qədirov bıçaqla ona zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

Törətdiyi cinayət əməlinə görə Samir Qədirova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Samir Qədirov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisə baş verən gün yaşadığı məhəllədə qardaşı Qədirlə danışıb-güldüyünü göstərib:

“Qonşuluqda yaşayan Ceyhun bizə yaxınlaşıb ucadan danışıb-gülməyimizə iradını bildirdi, mübahisə etməyə başladı. Ceyhuna “sən kimsən ki, bizə danışıb-gülmək qadağası qoyursan” dedim. Mənim bu sözlərim onun xoşuna gəlmədi və gözlənilmədən əli ilə başıma şillə vurdu. Ceyhunun bu hərəkəti məni o qədər əsəbiləşdirdi ki, evə keçib masanın üstündən bıçaq götürüb yenidən həyətə çıxdım. Əlimdəki bıçaqla Ceyhuna bir dəfə zərbə endirdim. Zərbədən sonra Ceyhunun yerə yıxıldığını görüb geri çəkildim”.

Təqsirləndirilən şəxs tutduğu əməldən peşman olduğunu, qonşusunu öldürmək niyyətində olmadığını deyib.

Zərərçəkmiş şəxs qismində dindirilən Ceyhun Əhmədov ifadəsində axşam saatlarında bir neçə nəfər şəxsin evin qarşısında ucadan danışıb-güldüklərini eşidincə onlara iradını bildirdiyini göstərib: “Qonşuluqda yaşayan Qədir və Samir qardaşlarına iradımı bildirdim. Qardaşlardan biri – Samir mənə kobud cavab qaytardı deyə aramızda xırda mübahisə yarandı. Əlimlə sifətinə yüngül zərbə vurdum. Samir tələsik həyətə keçib geri qayıtdı. Gözlənilmədən əlində gətirdiyi bıçaqla qarın nahiyəmə zərbə endirdi. Zərbənin təsirindən müvazinətimi saxlaya bilməyib yerə yıxıldım, huşumu itirdim”.

Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək. …read more

From:: ANS