Rusiyada bahalaşma (VİDEO)

Rusiyada maaşların getdikcə azaldığı, infliyasiyanın isə sürətlə yüksəldiyi bir vaxtda yeni qiymət artımları vətəndaşları ciddi şəkildə narahat edir.

1 iyul tarixindən etibarən paytaxt sakinləri istilik üçün 13 faiz, su üçün 6 faiz, elektirk üçün təqribən 14 faiz, qaz üçün isə 7,5 faiz daha çox pul ödəməli olacaq.

Bundan başqa indiyədək yaşayış binalarının bələdiyyə tərəfindən ödənilən bir çox təmir xərcləri də bundan sonra moskvalıların hesabına yazılacaq. Bütün bunlar isə xalq arasında narazılıqla qarşılanır.

“Rublun dəyəri getdikcə aşağı düşür. Bu səbəbdən də yemək və nəqliyyat qiymətləri də sürətlə bahalaşır. Mənim kimi tələbələr yaşamaq üçün işləməyə məcburuq. İş tapmaq isə indi çox çətindir. Ona görə tez-tez pulsuz qalırıq”, – deyə Moskva sakini Oleq Savçenko bildirib.

“Belə davam edərsə, ağlı başında olanlar yavaş-yavaş bu ölkədən çıxıb gedəcəklər. Əgər prezidentimizin vətəndaşların bu ölkəni sevib burda yaşamasında marağı varsa, qiymətlərlə maaş arasında uyğun bir tarazılıq yaratmalıdır. Maaşlar artsa, yaxşı olacaq, artmasa çox pis”, – deyə Moskva sakini Katya Alekseyeva qeyd edib.

Hökumət isə bütün bunlar azmış kimi büdçə kəsirini doldurmaq üçün yeni ticarət vergisini qəbul edib. Buna görə ticarətlə məşğul olan vətəndaşların sahib olduqları dükanın yeri və sahəsindən asılı olaraq hər kvartalda dövlətə böyük miqdarda əlavə vergi ödəməsi lazım olacaq.

“50 kvadrat metrlik bir dükan üçün hər kvartalda dövlətə min dollar əlavə vergi ödəmək böyük və orta həcmli biznes üçün faciəvi deyil. Ancaq icarə pulunu güclə qazanan kiçik həcmli biznes fəaliyyətiylə məşğul olanlar bundan çox ciddi zərər görəcək. Təəssüf ki, illərdən bəri Moskvada kiçik biznesə qarşı təzyiq var. Çünki məmurlarımız böyük firmaların yükünü artırmaqdansa, biznesi sıxışdırıb pul qoparmağı daha üstün tutur”, – deyə iqtisadçı Mixail Delyagin fikrini açıqlayıb.

Rəsmi rəqəmlərə görə, Rusiyada iki milyona yaxın insan yoxsulluq həddi sayılan aylıq 173 dollardan daha az gəlirlə yaşayır.

…read more

From:: ANS