Azərbaycandakı məscidlərdə ehsan verildi (VİDEO)

Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci il dönümü ilə əlaqədar dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tabeliyindəki məscidlərdə Ulu Öndərin xatirəsi anılıb. ANS PRESS-in Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, anım mərasimlərindən biri də İçərişəhərdəki “Cümə” məscidində keçirilib.

Cümə namazında iştirak edən dindarlar qarşısında çıxış edən “İçərişəhər Cümə məscidi” dini icmasının sədri və məscidin axundu Hacı Surxay Məmmədli Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Dövlətçiliyimizin və birliyimizin qorunmasındakı rolunu yüksək qiymətləndirib.

Hacı Surxay Məmmədli qeyd edib ki, bugünkü Azərbaycanın əldə etdiyi uğurların əsası H.Əliyevin ölkəmizə rəhbərlik etdiyi zamanda qoyulub. Heydər Əliyevin din-dövlət münasibətlərinin yaranmasında, dini və milli-mənəvi dəyərlərimizin qorunmasında, tolerantlıq mühitinin inkişaf etdirilməsində misilsiz əmək sərf etdiyini vurğulayan Hacı Surxay Məmmədli görkəmli dövlət xadiminin dindarlarla görüşlərini də yada salıb.

Sonda Ulu Öndərin vəfatının 11-ci ildönümü münasibəti ilə ehsan verilib.

…read more

From:: ANS