Azərbaycan və Rusiya alimləri birgə tədqiqat aparacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Elmlər Akademiyasının (REA) yer elmləri bölmələri arasında birgə tədqiqat imkanları müzakirə edilib.

Moskvaya səfər çərçivəsində akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti REA-nın alimləri ilə bir sıra görüşlər keçirib. AMEA-nın Yer Elmlər Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun da daxil olduğu nümayəndə heyətinin REA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Aleksandr Qliko ilə görüşündə elmi əlaqələrin inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Qafqaz-Xəzər regionunun geodinamik şəraitinin, geoloji təhlükələrin, karbohidrogen ehtiyatlarının, həmçinin palçıq vulkanizminin və ekoloji problemlərin birgə tədqiqinin prioritet istiqamət kimi qəbul edilməsi haqqında razılıq əldə olunub.

Sonra Azərbaycan nümayəndə heyəti REA-nın Yer Fizikası İnstitutunun direktoru, professor Sergey Tixoski ilə görüşüb. Azərbaycanlı alimlər bu elm müəssisəsində aparılan yeni elmi tədqiqatlarla, institutun elmi-təcrübi bazası ilə tanış olublar. Qafqaz-Xəzər regionunda geofiziki və seysmik monitorinq və neft-qaz geofizikası sahəsində birgə tədqiqatların aparılması planlaşdırılıb.

Azərbaycanlı alimlər REA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Vladimir Kotlyakov və institutun elmi işlər üzrə direktor müavini, professor Arkadi Tişkov, Okeanologiya İnstitutunun direktor müavini, REA-nın müxbir üzvü, professor Leopold Lopkovski ilə də görüşərək, mümkün birgə fəaliyyət planlarını müzakirə ediblər. İlkin tədqiqat kimi “Xəzər dənizi və onun ətraf regionlarının atlası”nın yaradılması qərara alınıb.

REA və AMEA-nın yer elmləri bölmələri arasında Qafqaz –Xəzər regionunda birgə tədqiqatların aparılması haqqında müqavilənin şərtləri müəyyənləşdirilib, tədqiqatların elmi proqramı hazırlanıb. …read more

From:: ANS