Azərbaycan “Les Echos”da

Parisdə gündəlik nəşr olunan “Les Echos” qəzetinin 10 dekabr tarixli nömrəsində “ Qafqaz: Azərbaycan- regionun gələcək qüdrətli dövləti “ sərlövhəli məqalə dərc olunub.

Müəllif Fransua Lasins məqaləsinin əvvəlində müsəlman ölkələrində baş verən hadisələrdən- Yaxın Şərqdəki geosiyasətdən, Suriya böhranından, Fələstin-İsrail qarşıdurmasından, Türkiyənin Rusiya ilə Avropa arasında oynadığı roldan bəhs edib və bu hadisələrin fonunda gələcək regional hakimiyyətdə Azərbaycanın yüksək sürətlə inkişafını diqqətə çatdırıb.

Sovet İttifaqının süqutundan sonra keçmiş respublikaların hər birinin özünəməxsus siyasi kurs götürdüyü vurğulanan məqalədə ölkəmizin yüksək templə inkişaf kursu götürməsindən, ərazisinin Avstriyanın ərazisi qədər olmasından, İran, Gürcüstan, Rusiya ilə həmsərhəd olmasından və Xəzər dənizinin sahilində yerləşməsindən söhbət açılır.

Qeyd olunur ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadi inkişafına görə zirvədə dayanır. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə siyasi stabillik hökm sürür, Rusiya Federasiyası və Avropa İttifaqı ilə balanslaşdırılmış siyasət aparılır.

Azərbaycanın iqtisadi göstəricilərinin yüksək olduğu vurğulanan məqalədə ölkəmizin inkişafının son vaxtlar qiyməti getdikcə aşağı düşməkdə olan yeraltı sərvəti neftdən o qədər də asılı olmadığı, turizm və ticarət sahəsində iqtisadiyyatın sürətlə qurulmasına xüsusi diqqət yetirildiyi, Bakının yaxın vaxtlarda Kiçik Asiyanın Dubayına çevriləcəyi bildirilir.

Hazırda iqtisadi inkişafın hər şeydən əvvəl kapitala təsirindən danışılan məqalədə yeni binaların ucaldıldığı və beşulduzlu otellərin tikildiyi, şəhərin simasının gündən-günə dəyişdiyi diqqətə çatdırılır və yaxın bir neçə il ərzində ölkənin, o cümlədən Bakının və daha da inkişaf etdirilməsinin nəzərdə tutulduğu qeyd olunur.

Azərbaycanda turizmin inkişafı üçün mühüm potensial imkanların olduğu vurğulanan məqalədə ölkəmizdə Gürcüstan və Ermənistan ilə müqayisədə turistləri cəlb etmək üçün hər cür şərait yaradıldığından bəhs olunur.

Azərbaycanda idmanın inkişafına toxunan müəllif son illər mühüm beynəlxalq idman yarışlarının keçirildiyi Bakıda 2015-ci ildə ilk Avropa Oyunlarının, 2016-cı ildə “Formula-1” yarışlarının keçiriləcəyini, 2020-ci ildə isə Avropa birinciliyi uğrunda futbol oyunlarının bir qisminə ev sahibliyi edəcəyini diqqətə çatdırır.

Sonda belə möhtəşəm tədbirlərin Azərbaycanı bütün dünya ictimaiyyətinə tanıtdırmaq məqsədi daşıdığı qeyd edilir. …read more

From:: ANS