Əli Həsənov: "Tələb edirik"

Biz öz ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparırıq, heç kimin torpağında gözümüz yoxdur. Amma, eyni zamanda, tələb edirik ki, bizim də ərazi bütövlüyümüzə hörmətlə yanaşsınlar.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 11-də Bakıda keçirilən “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfransdakı çıxışında deyib.

Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı təcrübə mübadiləsi apardıqlarını, ixtisasartırma kurslarında iştirak etdiklərini bildirən Əli Həsənov qardaş ölkələrimizin media qurumlarının bütün məsələlərdə həm müvəffəqiyyətləri, həm problemləri bölüşmək gücündə olduğunu vurğulayıb.

Türkiyənin dünyada özünün hərbi, ideoloji, siyasi, iqtisadi gücü ilə mühüm bir yer tutan dövlət olduğunu və Azərbaycanın da bu gün Türkiyənin gücünə güc qatacaq bir səviyyədə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov deyib: “Bu gün Azərbaycan dünyada Türkiyənin gücünə güc qataraq vahid maraqlar uğrunda bir blok formalaşdırıb. Bu blok heç kimin maraqlarını təhdid etmir, heç bir xalqa, dövlətə, dinə və etnik struktura qarşı yönəlməyib. Biz öz varlığımızı qoruyuruq və istəyirik ki, dünyada da bizim dinimizə, dilimizə, mədəniyyətimizə, maddi-mənəvi dəyərlərimizə hörmətlə yanaşsınlar. Biz öz ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparırıq, heç kimin torpağında gözümüz yoxdur. Amma, eyni zamanda, tələb edirik ki, bizim də ərazi bütövlüyümüzə hörmətlə yanaşsınlar. Dünya birliyinin bərabərhüquqlu üzvü kimi, dünya birliyinə verdiyimizdən çox istəmirik. Dünya birliyi bizə nə qədər lazımdırsa, biz də dünya birliyinə o qədər lazımıq. Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə dünyaya verdiklərinin qarşılığını istəyir”. …read more

From:: ANS