Qardaşların qatili tutuldu

Azərbaycanın daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb və həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir.

Məlum olduğu kimi, bu il aprelin 14-də Qax rayon sakinləri Besarion və İase Rostiaşvili qardaşlarının yaşadıqları mənzillərdə üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılmış tədbirlərlə qətlin Qax rayon sakini Vasif Mustafayev tərəfindən tamah məqsədi ilə törədildiyi müəyyənləşdirilib.

Araşdırmalarla o da müəyyən edilib ki, hadisədən bir neçə gün əvvəl qardaşlar özlərinə məxsus torpaq sahəsini 18 min manata satıblar. Bu alqı-satqı əməliyyatından xəbər tutan V.Mustafayev həmin vəsaiti ələ keçirmək üçün onları qətlə yetirməyi planlaşdırıb və cinayətkar niyyətini aprelin 14-də həyata keçirib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. …read more

From:: ANS