Görünür, yaxşı varis olmadıq (VİDEO)

Bu gün Azərbaycanın ən gözəl guşalərindən olan Laçının işğal günüdür. Düz 23 ildir ki, biz Laçın barədə məlumatları işğalçı dövlətin yayımladığı görüntülərdən alırıq.

Laçın barədə danışarkən insanı təəccübə gətirən məqamlardan biri də, Azərbaycana həmişə pəhləvan oğlanlar verən bu torpağın necə müdafiəsiz buraxılmasıdır. ANS-in Qızıl fonunda bu suallara cavab olacaq bir çox məlumatlar var.

“7 il Vaqiflə ailə həyatı sürdüm və onun övladını böyüdürəm. Bir də həyata gəlsəydim, yenə də onu seçərdim”.

Həyat yoldaşını Laçında itirən Xeyransa Rüstəmova belə deyir.

Laçın Xeyransa xanım üçün itirilmiş ərdir, gəlinlik taxt-tacından düşdüyü andır, atasız böyütdüyü övladdır. Bu cavan gəlin bütün statuslarını Laçının işğalı ilə əldən verib və 23 ildir ki, heç nəyi geri qaytara bilmir. Gücü ancaq hər ilin mayın 18-də Şəhidlər Xiyabanına gəlib əri Vaqif üçün göz yaşı axıtmağa çatır. Əslində Xeyransa xanımın göz yaşı bu 23 ildə heç qurumayıb da. O, Laçın kimi ərini itirdi, Azərbaycan isə Laçın kimi Laçını.

“Ayın 11-də Daxili İşlər Nazirliyinin əmri ilə Laçın Polis Batalyonu Laçın şəhərindən çıxarılaraq 25-30 kilometr Fərəcan, Suarası Qubadlı istiqamətinə yolladılar. Nə səbəbə? Laçında qüvvələri zəiflətmək üçün”, – deyə batalyon komandirinin müavini Şakir Əsgərov deyir.

Tağım komandiri İsabalı Əsgərov: “Laçınla Turşsu arasında bir körpü vardı, məhz həmin körpünü partlatmağı hazırda şəhid olan mayor Salmanov öz üzərinə götürdü”.

Körpünü tam partlatmaq mümkün olmur. Hətta mümkün olsa da, belə bu, Laçının əldə saxlanılması anlamına gələ bilməz. Qüvvələr nisbəti də, döyüş qabiliyyəti də, nizam-intizam da, vahid komandanlıq da bizim əleyhimizədir.

“Laçında döyüşən zaman mənim 23 yaşım vardı. Bu gün isə 47 yaşım var. Bu gün övladımın 23 yaşı tamam olmaq üzrədir. Övladım Laçınsız böyüyüb. Öz doğma yurdu barəsində yalnız televiziya və müxtəlif saytlarda ermənilərin at oynatdığını baxaraq görür”, – deyə laçınlı Cabir Mehrəliyev vurğulayıb.

Hərçənd bir vaxtlar Laçında Sultan bəylər, Xosrov bəylər, Qəmlolar, kərbəlayilər at oynadardılar. Görünür, yaxşı varis olmadıq.

…read more

From:: ANS