ANS-də fırtınalar gözlənilir (VİDEO)

Son həftələrdə böyük layihələrə imza atan və tanınmış simaları özünə cəlb edən ANS TV bu həftə də sosial medianın müzakirə mövzusu oldu.

Xoşqədəm Hidayətqızı günün günorta çağı milyonlarla tamaşaçıya “Sən tək deyilsən” dedi. Amma əsl sürpriz onun tərəf müqabili oldu. Xoşqədəmin Elgiz Əkbərlə birgə efirə çıxması görənləri dilə gətirdi.

ANS-in telefonları susmaq bilmirdi. Saytlar yekə-yekə başlıqlar seçərək bu mövzudan yazdılar. Elgiz-Xoşqədəm tandemi sosial şəbəkələri də dilə gətirdi.

Nərmin Əliyeva: “Məncə yaxşı alınıb. İkisi də yetəri qədər savadlı və işini biləndir. Elgizə də evlənmək düşüb. Gözəlləşib”.

Orxan İdrisov: “Elgizlə Xoşqədəm Messi ilə Ronaldo kimidi. Ağlı olan veriliş onlarla eyni saatda efirə çıxmaz”.

Ayşənin şərhi: “Xoşqədəmlə Elgizin bir verilişdə olması əladı, amma hər ikisini bir verilişdə xərcləmək heyfdi. Elgiz – sən tək deyilsən. Sənə dəstəyik və yeni layihələrini gözləyirik”.

Növbəti efirdə isə Xoşqədəm efirə tək çıxdı. Bu dəfə də saytların əlinə mövzu keçdi. Elgizin Xoşqədəmdən imtina etdiyini yazdılar. Bütün söz-söhbətlərə son qoymaq üçün Elgiz Əkbər növbəti dəfə efirə çıxdı.

“Əslində birinci gün, yəni mənim birinci efirimdə Elgiz mənlə çıxmalı deyildi. Elgız niyə çıxdı? Mənə dəstək üçün çıxdı. Xahiş edirəm yazıları yazarkən ehtiyatlı yazın”, – deyə Xoşqədəm hidayətqızı bildirdi.

Həftənin digər xəbəri isə “Günəbaxan”la bağlı oldu. Kamran Həsənlinin ANS-i tərk edəcəyi haqda xəbərlər saytların gündəmini zəbt elədi. Və nəhayət həftənin cümə günü Elgiz Əkbər “Xəbərsizsiniz”də bu məsələ ilə bağlı açıqlama verdi:

“Həftənin birinci günündən inşallah səhər saat 10 tamamda Elgiz və onun dostları efirdə siz ekran qarşısında olacaq”.

Həftənin digər olayı Xoşqədəm Hidayətqızının canlı yayımda özündən getməsi oldu. Ölüm xəbəri alan teleaparıcının gözlənilmədən halı pisləşdi. Hadisə bir an içində sosial şəbəkələrə sel kimi yayıldı. Ürəyi yananlarla yanaşı, buna tənqidi yanaşanlar da oldu.

Beləliklə ölkənin ən populyar simaları bu həftə sosial şəbəkələrin müzakirə mövzusu oldu. Bu dəyişikliklər və yeniliklərin hələ ardının gələcəyi istisna olunmur.

Bir sözlə ANS-də hələ yaxşı mənada yeni fırtınalar gözlənilir. Necə deyərlər, kanalı dəyişməyin.

…read more

From:: ANS