Bakıda orta təhsili natamam olanlar üçün imtahan keçirilib (VİDEO)

Ötən gün Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi orta və tam orta təhsilini müəyyən səbəblərdən tamamlaya bilməyən şəxslər üçün eksternat qaydasında, yəni sərbəst yolla imtahanlar keçirilib.

İmtahanlar Bakının Nərimanov rayonunda yerləşən 45 saylı orta ümumtəhsil məktəbində baş tutub. Ötən illərdən attestat və şəhadətnamə ala bilməyən vətəndaşar üçün keçirilən imtahanlar 3 gün ərzində təşkil olunub.

Bu günlər ərzində attestat və şəhadətnamə ala bilməyən vətəndaşlar məktəblərdə tədris olunan və sərbəst qayada hazırlaşdıqları 15 fəndən imtahan veriblər.

“İmtahanlar şəffaf keçirilir və hamı çalışır ki, imtahandan keçsin. Suallar çox da çətin deyil. Suallar cavab verdiyim də olur vermədiyim də”, – deyə imtahan verən Samir İbrahimov bildirib.

“İmtahan peşəkarlıqla keçirilir. Müəllimlər və nəzarətçilər şagirdlərə ciddi nəzarət edirlər. İmtahan ədalətli təşkil olunub. Suallar çox da çətin deyil. Kim hazırlaşıbsa, suallara çətinlik çəkmədən cavab verə bilər. Mən imtahanı keçəcəyimdə əminəm”, – deyə imtahan verən Rafat Maqayeva bildirib.

Üç gün ərzinə keçirilən imtahanlara əvvəlcədən Təhsil Nazirliyinə müraciət edən və qeydiyyatdan keçən vətəndaşlar buraxılıb.

“355 nəfər imtahanda iştirak etmək məqsədilə sənədlərini təqdim edib. Onlardan 347 nəfər qeydiyyatdan keçərək, buraxılış vərəqəsi alıb. Amma buraxılş vərəqəsi alanların hamısı imtahana gəlməyib. Təxminə orta hesabnan 310 nəfər hər gün imtahana gəlib”,- deyə Bakı şəhəri üzrə təhsil idarəsinin nümayəndəsi Tural Mirzəliyev vurğulayıb.

Attestat və şəhadətnamə almaq istəyən şəxslərə isə xüsusi güzəştlər də olunub. Belə ki, ali məktəblərə keçirilən qəbul imtahanlarından fərqli olaraq, bu imtahanlarda təqdim olunan suala səhv cavab verən şəxsin balı hesablama zamanı kəsilmir.

“Suallar kifayyət qədər asandır. Səhv suallar düzü aparmır. Bundan başqa hər fəndən 10 sualdır. 4 sualla cavab verən, yəni 3 qiyməti alan buraxılış imtahanına icazə haqqı qazanır”, – deyə Tural Mirzəliyev bəyan edib.

Qeyd edək ki, eksternat qaydasında keçirilən imtahanın cavablarını may ayının 22-nə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet səhifəsində yerləşdiriləcək.

…read more

From:: ANS