Prezident: “İş adamlarından tələbim…” (VİDEO)

“Çox istərdik ki, siyasi sahədə müşahidə olunan mənzərə iqtisadi sahədə də görünsün. Buna nail olmaq üçün əlbəttə, həm hökumət üzvləri, həm də biznes strukturları öz səylərini göstərməlidirlər. Ötən il Vyetnamda olarkən orada da biznes forum keçirilmişdi. Bakıda da keçirilir. Bu, onu göstərir ki, birgə işləmək üçün kifayət qədər böyük maraq var”.

ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumunda deyib. Dövlət başçısı bildirib ki, Vyetnam iqtisadiyyatı son illərdə çox yüksək templərlə inkişaf edir:

“Eyni zamanda, Azərbaycan iqtisadiyyatı da sürətlə inkişaf edir. Bizim qarşımızda duran bütün vəzifələr vaxtında və uğurla icra edilir. Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir. Müstəqillik dövründə ölkəmizə 200 milyard dollardan çox sərmayə qoyulub. Təkcə keçən il 27 milyard dollar investisiya yatırılıb. Bu, onu göstərir ki, həm xarici, həm də yerli investorlar ölkəmizə, onun gələcəyinə inanırlar”.

Azərbaycan prezidenti qeyd edib ki, ölkəmizin çox gözəl investisiya mühitimiz var. Xarici və yerli sərmayələr dövlət tərəfindən qorunur: “Əgər belə olmasaydı, Azərbaycana bu qədər sərmayə yatırılmazdı. Bir sözlə, vyetnamlı investorlar üçün Azərbaycanda işləmək, investisiya qoymaq, hesab edirəm ki, çox əlverişli ola bilər”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Neft-qaz sektoru bizim iqtisadi inkişafımız üçün birinci mərhələdə həlledici rol oynayıb. Ancaq hazırda ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır.

Prezident qeyd edib ki, Azərbaycan hökumətinin gələcək planlarımızla bağlı kifayət qədər geniş və məzmunlu yanaşması var: “Biz ölkəmizin inkişafı üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. Azərbaycanda biznes mühiti də çox müsbətdir. Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır”.

…read more

From:: ANS