Azərbaycana vizasız gələcəklər (VİDEO)

Azərbaycanda keçiriləcək bu möhtəşəm oyunları izləmək üçün 1500-dən çox jurnalist akkreditasiyadan keçib. Avropa Oyunları Əməliyyat Komitəsində Fəaliyyət Göstərən Media Əməliyyatları Komitəsinin rəhbəri əcnəbi jurnalistlər üçün rəsmi Bakının atdığı daha bir addımı açıqlayıb.

ANS TV-nin məlumatına görə, Azərbaycanın yüksək səviyyədə hazırlıqlar apardığı mötəbər idman yarışına artıq 29 gün qalıb. Bu müddətdə oyunların bir parçasına çevrilən media əhlinin də məsuliyyəti artır.

Yerli və əcnəbi kütləvi informasiya vasitələrinin nümayəndələri isə akkreditasiya vərəqlərini əldə etməyə tələsirlər. Bu işlə birbaşa məşğul olan “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsində Fəaliyyət Göstərən Media Əməliyyatları Komitəsinin rəhbəri bu gün jurnalistlərə açıqlama verib ki, əcnəbi media nümayəndcələrinin ölkəmizə gəlmələri üçün vizaya ehtiyacları yoxdur:

“Əcnəbilər üçün vizanı akkreditasiya kartları əvəz edəcək. Əcnəbi media nümayəndələrinin müraciətləri təsdiqləndikdən sonra mən onlara hüquqi qüvvəyə malik olan kod göndərirəm ki, bu kodla onlar rahat şəkildə ölkəyə daxil ola bilsinlər”, – deyə Media Əməliyyatları Komitəsinin rəhbəri Ceyn Pirs bildirib.

Bu arada Media Əməliyyatları Komitəsinin əməkdaşları gərgin iş rejiminə keçiblər. Çünki bir neçə gündən sonra yerli kütləvi informasiya vasitələri nümayəndələri də akkreditasiya vərəqlərini əldə etməlidirlər. Bununla yanaşı onlar həm də əcnəbi jurnalistlərin və fotomüxbirlərin müraciətlərinin təsdiqlənməsi işləri ilə məşğuldurlar.

Media Əməliyyatları Komitəsinin əməkdaşları yerli və əcnəbi mütəxəssislərdən ibarət bir komandadır.

Komanda işi demişkən elə “Bakı 2015”in maskopları Nar və Ceyran, həm də oyunların loqosunun da ideya müəllifi tək bir nəfər deyil. Komitənin Brend meneceri deyir ki, oyunların Azərbaycana məxsusluğunu nümayiş etdirmək üçün biz ölkənizin mədəni irsinə aid naxışlardan istifadə etdik.

“Nar, ceyran, buta, şəbəkə, xalça. Bunlar hamısı Azərbaycan mədəniyyətinə, irsinə, tarixinə və təbiətinə xas olan rəmzlərdir. Biz yerli və əcnəbi mütəxəssislərlə kamanda şəklində bunları ərsəyə gətirmişik”, – deyə Brend meneceri Tom Kempmən bildirib.

Yeri gəlmişkən “Bakı 2015” loqosunu artıq Azərbaycanın hər yerində görmək mümkündür.

…read more

From:: ANS