Olimpiya stadionu oyuna hazırdır? (VİDEO)

Avropa Oyunlarının keçiriləcəyi məkanlar ətrafında bu gün tamam başqa mənzərə müşahidə olundu. Tikinti işlərindən sonra ətrafda aparılan işlər də yekunlaşıb.

ANS TV-nin məlumatına görə, Avropa standartlarına cavab verəcək şəkildə təmin olunan idman obyektlərinin hər birinin ətrafında infrastrukturun qurulması da artıq yekunlaşmaq ərəfəsindədir. İdman arenalarının həyətyanı sahələrində abadlıq işləri aparılır.

“Bakı 2015”in açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Milli Olimpiya Stadionunun ərazisində yaşıllaşdırma işləri də tamamlanıb.

Təməli 2011-ci ildə qoyulan stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi yaradılıb. Stadionun həyətyanı sahəsində park salınıb, ağaclar əkilib. Eyni zamanda Milli Olimpiya Stadionuna aparan yola asfalt örtüyü çəkilib və xəttlənməsi işi də başa çatdırılıb.

60 min nəfərlik tamaşaçı tutumuna malik olan bu Arenanın ərazisində geniş təlim zalları və 3100 yerlik avtomobil parkı da inşa edilib.

Mayın 9-da arenada keçirilən sınaq yarışı üçün 60 min nəfər tamaşaçının burada yerləşdirilməsi isə ondan xəbər verir ki, Milli Olimpiya Stadionu Avropa Oyunlarına tam hazırdır.

…read more

From:: ANS