Bakı sakinlərinə sevindirici xəbər (VİDEO)

Paytaxt sakinləri yeni taksilərdən istifadə edə biləcək. Nəqliyyat nazirliyinin təqdim edəcəyi bu xidmətin digərlərindən daha rahat, eyni zamanda sərfəli olacağı bildirilir. Ən əsası bu taksilərdə nağdsız ödəniş imkanı verən pos-terminalların mövcud olmasına xüsusi nəzarət ediləcək.

ANS TV-nin məlumatına görə, yeni “Bakı Taksi” xidməti Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərəcək. Avropa Oyunları ilə əlaqədar gətirilmiş 500 ədəd “London taksi”ləri də oyunlar bitdikdən sonra “Bakı Taksi” xidmətinə veriləcək.

Nəqliyyat Nazirliyində hesab edirlər ki, bununla taksi xidməti sahəsində rəqabət artacaq və bu, qiymətlərə təsir edəcək. Yeni taksilərdə sərnişinlər nağdsız ödənişdən istifadə edə biləcək.

Nəqliyyat nazirliyinin sözçüsü Namiq Həsənovun sözlərinə görə, “Bakı Taksi” xidməti nəzdində fəaliyyət göstərən taksilərdə mütləq post-terminallar olmalıdır: “Taksi üçün xüsusi ekipirovkalar, yəni sərnişin üçün bütün şərait yaradılmalıdır. Xüsusilə də nağdsız ödənişlər üçün. Bunlar mütləq tətbiq olunacaq. Avropa Oyunları ərəfəsində də, oyunlar zamanı da, oyunlardan sonra da həmin post-teminalların quraşdırılması prosesi davam edəcək”.

Nazirliyin təqdim edəcəyi xidmətin tarifləri hələlik bəlli olmasa da, qiymətin bazarın tələbindən asılı olaraq təyin olunacağı bildirilir.

Xatırladaq ki, bundan əvvəl yaradılmış və 1000 ədəd “London taksi”sini idarə edən özəl şirkətin tarifləri avtomobilə əyləşərkən 1 manat ödəmək şərti ilə məsafədən asılı olaraq dəyişir.

10 kilometrə qədər yolun hər kilometri üçün 70 qəpik, 10 kilometrdən 20 kilometrədək 40 qəpik, 20 kilometrdən artıq hissə üçün isə 20 qəpik təşkil edir.

Əlavə olaraq hər taksinin hər gözləmə dəqiqəsinə görə 5 qəpik ödənməlidir.

…read more

From:: ANS