Parad başa çatdı (FOTO)

1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən hərbi parad başa çatıb.

ANS PRESS-in məlumatına görə, Qızıl meydanda Rusiya dövlətinin başçısı Vladimir Putin Qələbənin 70 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Dövlət başçısı müxtəlif xalqların bu müharibədə şücaət göstərərək həlak olan nümayəndələrinin xatirəsinin daim uca tutulacağını söyləyib. Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi parad keçirilib. Parada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da qatılıb. Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda tribunalar qarşısından keçib.

Paradı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, müharibə veteranları izlədilər. Paradda 16 mindən artıq hərbi qulluqçu, müxtəlif hərbi texnika, təyyarə və helikopterlər iştirak edib.

Böyük Vətən müharibəsində 700 minə yaxın Azərbaycan vətəndaşı cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. Onlardan 300 mini həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 min əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

…read more

From:: ANS