Hərbi maşın necə partladı? (VİDEO)

Qazaxın Bala Cəfərli kəndi ərazisində qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşən hərbçilərdən sağ qalan Eşqin Şahvələdovun vəziyyəti kafi olaraq qalır.

ANS TV-nin məlumatına görə, ağır yanıq xəsarəti alan əsgər hospitalda hazırda həkim nəzarətindədir. Hərbi maşının minaya düşməsi nəticəsində həlak olan Azərbaycan ordusunun kiçik çavuşu 34 yaşlı Qoşqar Qurbanov Qazaxın Fərəhli kəndində dəfn olunub.

Qoşqarın bibisi Mətanət Həsənovanın sözlərinə görə, əsgərlər postlara suyu paylayıb Cəfərliyə getmişdilər: “Həmin gün hava duman, çən olub. Çən isə get-gedə daha da qatılaşıb, bir sözlə göz-gözü görmürmüş. Sürücü deyib ki, qalsın səhər suyu postlara paylayarıq. Qoşqar isə razılaşmayıb. Deyib ki, əsgərlərimizə suyu çatdırmalıyıq, bu bizim vəzifəmizdir. Yolda maşın tank əlehinə minaya düşüb”.

Yaralı əsgərin anası Şahənvər Şahvələdova isə qeyd edib ki, ağır yanıq xəsarəti alan Eşqin hazırda hospitalda həkimlərin nəzarəti altındadır: “Həkimlər bizə Eşqinin yanına girməyə icazə vermədilər. Övladımı hələlik görməmişəm. Atasına da oğlunun yanına girməyə icazə verməyiblər. Eşqin çox ağır yanıq xəsarəti alıb”.

…read more

From:: ANS