Avropa qorxuya düşdü və…

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti rəhbəri Federika Mogerini İŞİD və Rusiya ilə bağlı məsələləri müzakirə etmək üçün Türkiyəyə gedib. Onun səfəri Rusiya prezidenti Vladimir Putinin Ankaraya dövlət səfərindən bir həftə sonra baş tutub.

ANS PRESS-in məlumatına görə, F.Mogerininin məqsədi Türkiyə ilə münasibətləri inkişaf etdirmək, İŞİD əleyhinə mübarizə imkanlarını artırmaq, eləcə də Türkiyənin Rusiyaya qarşı münasibətinə aydınlıq gətirməkdir.

O, mətbuata verdiyi bəyanatında deyib ki, bu səfər Aİ-Türkiyə münasibətlərinin strateji əhəmiyyətini və bunu gücləndirmək niyyətimizi göstərir.

Aİ rəsmiləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə mühüm məsələləri müzakirə edəcəklər. Onlar həmçinin qaçqın düşərgəsinə baş çəkəcəklər. Çünki Türkiyədə İŞİD-dən və prezident Bəşər Əsəd rejimindən qaçan 1 milyona yaxın Suriya qaçqını var.

F.Mogerinini Aİ-nin genişlənmə üzrə komissarı Yohannes Han və humanitar yardım məsələləri üzrə komissar Kristos Staylianides müşayiət edir.

Ekspertlərin fikrincə, bu səfər Aİ-nin Türkiyə ilə münasibətlərinin yeni başlanğıcı olacaq. Avropanın və Asiyanın güclü təsiri altında olan Türkiyə 2005-ci ildən Avropa İttifaqına qoşulmaq üçün danışıqlara başlayıb. Bəzi Aİ üzvləri müsəlman ölkəsi olan Türkiyənin təşkilat üzvlüyünə qarşı çıxır. Həmçinin Kipr münaqişəsi ilə bağlı da Türkiyəyə maneə törədilir.

Mətbuatın yazdığına görə, Avropa İttifaqı “Cənub Axını” layihəsinin Bolqarıstandan keçməsinə icazə vermədi. Nəticədə Rusiya prezidenti Vladimir Putin layihənin ləğv olunduğunu elan etdi. Ona görə də Aİ indi Türkiyə ilə münasibətləri daha da möhkəmləndirməyə çalışır. Rusiya Türkiyə ilə ayrıca birləşdirici təbii qaz şəbəkəsinin inşası ilə bağlı razılığa gəlib. Separatçıları dəstəklədiyinə görə Aİ və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara Ankara qoşulmayıb.

Bundan əlavə, Türkiyə İŞİD döyüşçülərinin Suriyaya keçidi üçün əsas tranzit zonadır. Ona görə də F.Mogerini və komandası eyni zamanda Ankara ilə strateji təhlükəsizlik əməkdaşlığını artırmaq niyyətindədir. İndiyədək 3 minə yaxın avropalı regionda xilafət qurmaq istəyən İŞİD-ə qarşı mübarizə üçün İraq və Suriyaya keçib. Potensial əcnəbi döyüşçülərin müəyyənləşdirilməsi üçün Aİ ölkələrinin Türkiyənin köməyinə ehtiyacları var. …read more

From:: ANS