“12 qızıl medal qazanmışıq” (FOTO)

Tbilisidə karatenin şotakan növü üzrə 6-cı Dünya çempionatı keçirilir.

ANS PRESS-in məlumatına görə, mayın 2-də çempionatın rəsmi açılışı olub. Bu barədə AzərTAc xəbər yayıb.

Açılış mərasimində çıxış edənlər, dünyada idmanın inkişafından danışıb, karate üzrə dünya, Avropa və respublika çempionatlarının təşkilinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, idmanın inkişafı hər bir ölkədə sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.

Sonra Gürcüstanın musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Bu gün Azərbaycan idmançıları uğurlu çıxış ediblər. Azərbaycanın 6 yaşdan 14 yaşadək olan oğlan və qız karateçilərinin əksəriyyəti mundialı qələbə ilə başa vurublar. İdmançılarımız ümumilikdə 12-si qızıl olmaqla 18 medal qazanıblar. Bu günün nəticələrinə görə, Azərbaycan karateçiləri komanda hesabında birinci yeri tutublar.

Yarışlar mayın 3-də 14 yaşdan yuxarı idmançılar arasında müxtəlif çəki dərəcələrində davam edəcək.

Yeniyetmə və gənclərdən ibarət milli yığma komandamızın məşqçisi Anar Allahverdiyev müsahibəsində deyib: “Azərbaycan karateçiləri bu çempionata ciddi hazırlaşıblar. Bugünkü yarışlarda 20-yə yaxın medal qazanmışıq, onlardan da 12-si qızıldır. İnanıram ki, medallarımızın sayı daha da artacaq. Yeniyetmə və gənclərimiz dövlətimizin idmana göstərdiyi yüksək qayğını layiqincə qiymətləndirəcək. Çalışırıq ki, Azərbaycana daha çox medal aparaq və ölkəmizin idman şərəfini daim uca tutaq. İnanıram ki, məqsədimizə nail olacağıq”.

Əməkdar məşqçi Rövşən Allahverdiyev isə bildirib ki, yeniyetmələrimizin qazandıqları medallar digər idmançılarımızı da qələbəyə ruhlandırıb. Karateçilərimizin döyüşlərin əksəriyyətini qələbə ilə başa vurmaları bir daha dünyaya sübut etdi ki, Azərbaycan həm də idman ölkəsi kimi inkişaf edir.

Gürcüstan Milli Karate Federasiyasının prezidenti Kaxa Basilia, Dünya Şotakan Federasiyasının baş katibi Ərcümənt Daşdəmir və başqaları da Azərbaycanın yeniyetmə idmançılarının çıxışlarını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bu dünya çempionatında 52 ölkədən 1800 idmançı iştirak edir. Azərbaycan bu çempionatda 250 idmançı ilə təmsil olunur.

…read more

From:: ANS