Nazir BMT rəsmisini qəbul edib (FOTO)

UNİDO-nun Baş katibi İqtisadiyyat və Sənaye Nazirliyində olub.

Mayın 2-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) Baş katibi Li Yonqla görüşüb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan sənayesi, bu sahədə ölkəmizin əldə etdiyi uğurlar barədə məlumat vermiş, sənayenin Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan sənayesi zəngin ənənələrə malikdir.

Dünyada ilk dəfə 1848-ci ildə Bakıda sənaye üsulu ilə neft hasil edilib. Hazırda qeyri-neft sənayesinin diversifikasiyası, Azərbaycanda sənaye parklarının və məhəllələrinin yaradılması, rəqabətqabiliyyətli sənaye istehsalının daha da artırılması istiqamətində tədbirlər davam etdirilir. Şahin Mustafayev qeyd etmişdir ki, metallurgiya, tikinti materiallarının, maşın və avadanlıqların istehsalı, kimya sənayesi, əczaçılıq ölkə sənayesinin prioritet istiqamətləridir. Bu baxımdan, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda sənayedə rəqabətqabiliyyətliliyin yüksəldilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialı və elmi təminatın gücləndirilməsi kimi tədbirlər nəzərdə tutulur.

Sənaye sahəsində ixtisaslaşmış beynəlxalq qurum kimi UNIDO ilə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin sənaye potensialının daha geniş reallaşmasına öz töhfəsini verə bilər. Hazırda Azərbaycanın UNİDO ilə bir sıra layihələr həyata keçirdiyini qeyd edən Şahin Mustafayev əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd edib.

BMT-nin Sənaye İnkişafı Təşkilatının Baş katibi Li Yonq Azərbaycanın son illər böyük uğurlar əldə etdiyini və bu uğurların yüksək qiymətləndirildiyini bildirib. 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsinin və bu çərçivədə Bakıda keçirilmiş Beynəlxalq Sənaye Konfransının sənaye ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayan Li Yonq Azərbaycanın sənaye potensialına və bu sahədə UNİDO ilə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə UNİDO ilə əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

…read more

From:: ANS