Vəfa Quluzadə dəfn olundu (FOTO)

Ötən gün dünyasını dəyişən tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə torpağa tapşırılıb.

ANS PRESS-in məlumatına görə, tanınmış politoloqla vida mərasimi onun evində keçirilib.

Vida mərasimində tanınmış siyasətçilər, mərhumun yaxınları, dostları iştirak edib.

Vəfa Quluzadə Yasamal qəbiristanlığında, oğlunun məzarının yanında dəfn edilib.

Qeyd edək ki, Vəfa Quluzadə ötən gün ürəyindən əməliyyat olunmuşdu.

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

…read more

From:: ANS