Bu gün əsrin döyüşü keçiriləcək

ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) Menni Pakyao və Floyd Meyuezer arasında döyüş baş tutacaq.

ANS PRESS-in məlumatına görə, bu gün keçiriləcək döyüşün biletləri aprelin 23-də bir dəqiqə ərzində satılıb. Hazırda qarşıdurmanı izləmək istəyənlərə biletlər ikinci əldən on minlərlə dollara təklif olunur.

Sərbəst satışa 16 min biletdən yalnız 500-1000-ni çıxarılıb. Qalanları isə boksçulara, sponsorlara və döyüşün keçiriləcəyi MGM Grand Garden Arenanın rəhbərliyinə verilib. Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılır.

Bir çox ekspertin əsrin döyüşü adlandırdığı 12 raundluq qarşılaşmada 3 dünya çempionu titulu oynanılır. Belə ki, WBA və WBC versiyası üzrə dünya çempionu titulları 37 yaşlı Meyuezerə, WBO versiyası üzrə dünya çempionu titulu isə 35 yaşlı Pakyaoya məxsusdur. Nəticədən asılı olmayaraq amerikalının qonorarı 150 milyon dollar, Fillipin boksçusunun qonorarı isə 100 milyon dollar həcmində müəyyənləşib.

Qeyd edək ki, bir neçə gün əvvəl əfsanəvi boksçu Məhəmməd Əli verdiyi açıqlamada Menni Pakyaonu dəstəkləyəcəyini açıqlamışdı.

…read more

From:: ANS