İtaliya coğrafiyaçıları dindən danışdılar

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan İtaliyanın Coğrafiya Cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Komitədən ANS PRESS-ə verilən məlumata görə, görüşdə İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafından bəhs edilib.

Mübariz Qurbanlı qonaqlara Azərbaycanda mövcud olan tolerantlıq ənənələri, multikultural mühit haqqında məlumat verib. Qeyd edib ki, dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. O, həmçinin Azərbaycandakı dini tolerantlığın təşviqi məqsədilə dövlət tərəfindən görülən işlər barədə məlumat verib.

Dünyəviliyin və tolerantlığın Azərbaycan xalqının təfəkkür tərzi olduğunu söyləyən komitə sədri Azərbaycanda bütün konfessiyaların dinc şəraitdə fəaliyyət göstərdiyini söyləyib və əlavə edib ki, bunu heç bir cərəyan, heç bir qüvvə dəyişə bilməz. M.Qurbanlı vurğulayıb ki, bizim multikultural və tolerant cəmiyyətimiz Avropada da təşviq edilə bilər. İtaliyalı qonaqlara ölkəmizdəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlar, tarixi abidələrlə bağlı ətraflı məlumat verilib.

Nümayəndə heyətinin rəhbəri, İtaliya Coğrafiya Cəmiyyətinin fəxri prezidenti, professor Franko Salvatori Azərbaycana səfərdən məmnun olduqlarını bildirib. Rəhbərlik etdiyi təşkilat haqqında məlumat verən F. Salvatori deyib ki, 1867-ci ildə yaranan Cəmiyyət ayrı-ayrı ölkələrə ekspedisiyalar təşkil edir. Qonaq Azərbaycanda tolerantlıq, multikulturalizm sahəsində görülən işlərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə, həmçinin, qarşılıqlı əməkdaşlığın perspektivləri və gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib. Qonaqlara Azərbaycanda mövcud olan tarixi, mədəni abidələr haqqında kitablar təqdim edilib. …read more

From:: ANS