Bu sürücü polisdən 3 həftə qaça bildi (VİDEO)

Bakıda 24 gün əvvəl piyadanı vuraraq onun ölümünə səbəb olan sürücü saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS TV-yə verilən məlumata görə, aprelin 5-də saat 05:30-da Hövsan-Türkan yolunda Hövsan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Mahmudov Teymur Əlimövsüm oğlu naməlum avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və “Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Paşayev Vüsal Məhərrəm oğlu idarə etdiyi “Daewoo” markalı avtomobillə birlikdə müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxs Vüsal Paşayevin sözlərinə görə, sürət həddi saatda 60 kilometr olan yolda, avtomobili saatda 100 kilometr sürətlə idarə edib: “Yolu geriyə qayıdan zamanı qarşıda gələn maşının işıqları gözümə düşdü, amma buna baxmayaraq yoluma davam etdim. Bu an gördüm ki, qabaqdan iki nəfər gedir. Maşını anidən sola çəkdim və gördüm ki, yolun ortasında bir nəfər yerə yıxılıb. Qorxudan hadisə yerindən uzaqlaşdım”.

O, ifadəsi zamanı hadisədən sonra izi itirmək məqsədilə avtomobilini öz həyətində təmir etdiyini bildirib. Vüsal Paşayev deyib ki, ailə üzvləri qəzadan xəbərsiz olub.

Qeyd edək ki, piyadanın ölümünə səbəb olan sürücü Vüsal Paşayev sürücülük vəsiqəsi olmayıb.

“Hadisədən sonra maşını aparıb həyətdə saxladım. Daha sonra avtomobil ehtiyatları bazarından “patpres” alıb dəyişdim. Bütün bunlara baxmayaraq baş verən hadisə ilə bağlı ailəmə məlumat vermədim”, – deyə Vüsal Paşayev bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

…read more

From:: ANS