Dağ Yəhudiləri dini icmasının sədri ANS-ə danışdı (VİDEO)

Qubanın Qırmızı qəsəbəsində Dağ Yəhudiləri dini icmasının sədrinin evinə basqın edənlərin izinə isti-isti düşülüb. 4 nəfərlik dəstə üzvlərinin hamısı hadisədən iki gün keçməmiş yaxalanıb.

ANS TV-nin şimal bürosunun məlumatına görə, iki gün əvvəl Dağ Yəhudiləri dini icmasının sədri Boris Simanduyevin Qubanın Qırmızı qəsəbəsindəki evinə basqın edərək ev sahibinə və bacısı 63 yaşlı Lizaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirən, külli miqdarda pul, qızıl-zinət əşyaları ogurlayan 4 nəfərlik dəstə üzvlərinin adları məlum olub.

Quba polis şöbəsinin apardığı əməliyyat nəticəsində quldurluq yolu ilə varlanmaq üsulu seçən dəstə üzvlərindən 3 nəfəri – Qırmızı qəsəbə sakini Eldar Avadyayev, Bakı sakini Xalid Seyidov və digər bir şəxs saxlanaraq istintaqa cəlb olunub.

Basqın zamanı fiziki və mənəvi təzyiqlərə məruz qalmış Qırmızı qəsəbənin dini icmasının sədri Boris Simanduyev hadisənin operativ və tam açılmasından razılıq etdi. Onun sözlərinə görə, hadisəni törədənlərin tez bir zamanda saxlanması bölgədə sabitliyin yüksək şəkildə qorunduğunu bir daha sübut edir.

“Polis və prokuror əməkdaşlarına operativ işinə görə minnətdarlığını bildirdi. Birbaşa bizim möhtərəm prezidentimizin başçılığı ilə polis və prokuror əməkdaşları operativ işləyirlər”, deyə Boris Simanduyev bildirib.

Qırmızə qəsəbə sakinləri də bu kriminal hadisəni törədənlərin ifşasını çox təqdirəlayiq hal hesab edirlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda istintaq tədbirləri davam etdirilir.

…read more

From:: ANS