Bakılı Robinzona iki ev vəd etdilər (FOTO)

Bakıda tikilməkdə olan Milli Olimpiya Stadionunun yaxınlığındakı məhəllənin söküntüsü zamanı 1 ildən çox dirənib verilən kompensasiya ilə razılaşmayan və evini tərk etməyən məşhur “ada-ev”in sakinləri yeni mənzilə köçürüləcək. ANS PRESS-in məlumatına görə, bu məlumatı virtualaz.org saytına “ada-ev”dən köçürülən ailənin başçısı Ələkbər Hüseynov verib.

Avqustun 16-da evi sökülən Hüseynovlar ailəsi hazırda Bakıxanov qəsəbəsində kirayədə yaşayır. Kirayə haqqı isə Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən ödənilir.

Ə.Hüseynovun sözlərinə görə, icra başçısı onların 4 aylıq kirayə haqqını əvvəlcədən ödəyib, dekabrın 16-da həmin vaxt başa çatacaq. Lakin onların bu müddət ərzində evlə təmin olunması mümkün olmayacaq.

“Mən sökülən ata evimizdə qardaşımla birlikdə yaşayırdım. Evimiz sökülərkən bizə demişdilər ki, iki yeni həyət evi tikilərək bizə veriləcək. Sonra bizi bu evə yerləşdirdilər. Bir neçə dəfə Sabunçunun icra başçısının da qəbulunda olmuşam. Bizə həyət evi yox, bina evi verəcəklərini deyiblər. Qardaşıma birotaqlı, mənə isə üçotaqlı ev vəd ediblər” – deyə Ə.Hüseynov deyib.

Xatırladaq ki, “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektindəki 12 saylı evdə (rəsmi ünvanları isə belədir: Böyükşor qəsəbəsi, 12) yaşayan Hüseynovlar ailəsi Bakı Olimpiya Stadionunun tikintisi ilə bağlı başlanan söküntü işlərindən sonra evlərinə görə verilən kompensasiya ilə razılaşmayaraq 43 ildir yaşadıqları mənzildən çıxmırdılar. Bütün qonşular razılaşsa da onlar evlərini tərk etmirdilər.

Qazsız, susuz, işıqsız bu “ada-ev”də xanımı və iki azyaşlı uşağı ilə birgə 14 aydan çox yaşayan Ələkbər Hüseynov “Sabunçu Robinzonu” kimi də məşhurlaşmışdı.

Qeyd edək ki, bu ailənin mənzil probleminin həlli yalnız prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra mümkün olmuşdu. Stadionun ərazisinə baxış keçirən ölkə başçısı “ada-ev”i gördükdən sonra ailənin dərhal evlə təmin olunması barədə tapşırıq vermişdi.

…read more

From:: ANS