İrəvanda növbəti etiraz aksiyası (VİDEO)

Ermənistanın “Təsisedici parlament” təşkilatının üzvlərinin həbsinə etiraz olaraq İrəvanda etiraz aksiyası keçirilib. Hərəkatın təxminən 200-ə yaxın üzvü müxalifət fəallarının təqib edilməsinə son qoyulmasını tələb edib.

Erməni saytlarının xəbərinə görə, aksiya iştirakçıları həmkarlarının həbsləri üçün heç bir səbəb olmadığını bildirib. Onların azadlığa buraxılmasını istəyiblər. Etirazçıları müxtəlif şüarlar səsləndirərək Sarkisyan hakimiyyətinin fərqli düşünənlərdən qorxduğunu diqqətə çatdırıblar.

Xatırladaq ki, aprelin 7-də “Təsis parlamenti”nin 5 üzvü ölkədə kütləvi iğtişaş törətməkdə şübhəli bilinərək saxlanılıb. Hərəkatın lideri Jirayr Sefilyan da nəzarət altına alınıb. Həmçinin hərəkatın Gümrüdəki nümayəndəsi silah -sursatın qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb.

Aksiya həbs edilən şəxslərin saxlandığı İrəvan polis idarəsinin müvəqqəti saxlama məntəqəsi qarşısında baş tutub. Saxlanılanlara baş çəkən erməni millət vəkili Zarui Postancyan hərəkat üzvlərinin siyasi baxışlarına görə, həbs edildiklərini söyləyib.

O əlavə edib ki, Jirayr Sefilyanın həbsinə, barəsində cinayət işi açılmasına heç bir hüquqi əsas yoxdur. Müxaliflər vurğalayıb ki, etirazlar davamlı xarakter daşıyacaq.
Erməni müxalifəti 24 apreldə də etiraz aksiyası keçirməyi planlaşdırır.

Hərəkatın üzvlərindən biri Qarabağ müharibəsi veteranı Pavel Manukyan isə aclıq aksiyasına başlayıb.

Ermənistan xüsusi istintaq komitəsi həbs olunanları aprelin 24-də “erməni soyqırımı”nın ildönümü ilə əlaqədar planlaşdırılan tədbirlərdə iğtişaş törətməyi planlaşdırmaqda günahlandırır. Saxlanılanlar silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz saxlanılmasında da ittiham edilirlər.

…read more

From:: ANS