Yəhudi icmasının rəhbərinin evinə edilən basqının təfərrüatları (VİDEO)

Qubada Dağ Yəhudiləri dini icmasının rəhbərinin evinə basqın olub. İcma rəhbəri və onun bacısı ağır zədə alıb. Mənzildən oğurluğun olması isə basqının daha çox qarət məqsədi ilə edildiyinə işarə edir. Amma yenədə dəqiq məlumatı hüquq mühafizə orqanlarının araşdırması göstərəcək.

Dini Qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı ANS-ə açıqlamasında bildirib ki, hadisə barədə kifayət qədər məlumatlıdırlar və bölgədə ezamiyyətdə olan müavini bu işlə yaxından maraqlanır. Komitə sədri hüquq-mühafizə orqanlarına istinad edərək deyir ki, bu da çox kriminal xarakterlidir. Heç bir siyasi, dini və etnik zəmində baş verməyib. Amma yenə də dəqiq söz tədqiqatdan sonra deyiləcək.

Basqın zamanı Quba rayonu Qırmızı Qəsəbənin dini icma rəhbəri Boris Simanduyev və bacısı Liza Simanduyeva xəsarət alıb. Boris Simanduyevin qəsəbənin Kərpic küçəsində yerləşən evinə gələn 3 nəfər maskalı şəxs dini icma rəhbərini döyüb, onun bacısına isə bıçaqla xəsarət yetiriblər.

Quba rayon polis şöbəsindən verilən məlumata görə, evə basqın edənlər külli miqdarda pul və qızıl-zinət əşyaları aparıblar. Maskalılardan biri isə dini icma rəhbərindən sinaqoqun açarını alıb. Amma dini məbədin qapısını açmağa nail olmayıb.

Bıçaq xəsarəti alan Liza Simanduyeva isə hazırda Quba rayon xəstəxanasındadı. O əməliyyat olunub və vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisəni tərədənlərin kimliyi hələlik bilinmir. Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Onların saxlanılması istiqamətində axtarış tədbirləri aparılır.

…read more

From:: ANS