AKP-nin mistik rəqəmləri

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Cümhuriyyətin quruluşunun 100-cü ilinə təsadüf edən 2023-cü illə bağlı bəzi hədəflər müəyyənləşdirib. ANS PRESS-in məlumatına görə, bu hədəflər 2023-cü ilə qədər həyata keçiriləcək bəzi islahatları nəzərdə tutur. Partiya rəhbərliyi hədəfləri “2023 siyasi vizion” başlığı altında 63 maddəlik yol xəritəsində toplayıb.

Ötən gün, iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkisi ilə əlaqədar siyasi partiyaların səs vermə bülletenindəki yerini müəyyənləşdirmək üçün püşk atılıb. Ali Seçki Qurumunda (YSK) keçirilən püşk atma zamanı AKP-nin yeri 23-cü sırada müəyyənləşib.

AKP-nin parlament seçkisindəki namizədlərindən biri olan Əli Çakır sosial şəbəkədəki səhifəsində bu rəqəmlər barədə açıqlama edib:

“AKP-nin 2023-cü il hədəfinə 8 il qalıb. Bu il parlament seçkisində 31 partiya iştirak edəcək.
31-8=23
23 eyni zamanda AKP-nin seçki bülletenindəki sıra sayıdır.
İndi 2015-in üstünə 8 gəlin. 2023 oldumu?
Nəticə nədir? AKP hədəfə doğru irəliləyir” – deyə Əli Çakır twitter səhifəsində bildirir.

Qeyd edək ki, seçki bülletenində Milliyyətçi Hərəkat Partiyası (18. MHP) ilə Xalqın Demokratiya Partiyasının (19. HDP) və Cümhuriyyət Xalq Partiyası (22. CHP) ilə Ədalət və İnkişaf Partiyasının (23. AKP) siyahıda təsadüfən dalbadal düşməsi də maraqla qarşılanıb. …read more

From:: ANS