SOCAR-AQŞ yeni quyu qazır

SOCAR-AQŞ “Günəşli” yatağındakı 11 saylı stasionar dəniz özülündən 344 saylı quyuda qazma işlərinə başlayır.

SOCAR-AQŞ-dən ANS PRESS-ə verilən məlumata görə, 344 saylı quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3150 metr təşkil edir.

Layihələndirilən quyunun plana görə gündəlik hasilatının 60 ton neft həcmində olacağı gözlənilir.

Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 11 saylı və ‘’Ümid” yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) ‘qazma işləri aparır. Müəssisə, eyni zamanda “Qərbi Abşeron”, ‘’Bulla” və ‘’Günəşli 7” yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. SOCAR-AQŞ, API Spec Q2 sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır. …read more

From:: ANS